Siyasət

  • 4 536

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd edilib

image

ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib. Ziyafətdə ABŞ tərəfini daxili işlər və ekologiya naziri Rayan Zinke, Ağ Evin rəsmi nümayəndəsi və ABŞ Prezidentinin xüsusi köməkçisi Fiona Hil, Dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, Dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, müdafiə katibinin köməkçisinin müavini Lora Kuper, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer, ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson, konqresmenlər Bil Şuster, Henri Kueller, Mark Medous, Kolumbiya dairəsinin katibi Loren Voqan təmsil edib.
Min nəfərədək qonağın iştirak etdiyi ziyafətə ABŞ-ın dövlət qurumları, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkələrin səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, “beyin mərkəzləri”, geniş ictimaiyyətin, o cümlədən Azərbaycan, türk və yəhudi icmalarının çoxsaylı nümayəndələri qatılıblar.
Tədbirin əvvəlində ABŞ Hərbi Hava Qüvvələrinin hərbi orkestri Azərbaycanın və ABŞ-ın dövlət himnlərini ifa edib.
Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov sözügedən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümünə həsr olunduğunu bəyan edib.
Diplomat 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmin edilməsi, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verilməsi barədə danışıb.
Yüz il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir E.Süleymanov ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb. O, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib, bu layihələrin yalnız Azərbaycanın deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulayıb. Səfir Azərbaycanın regionda liderlik rolunun ölkəmizin başçısının uzaqgörən siyasəti ilə bağlı olduğunu önə çəkib. Bundan başqa, tolerantlıq və multikulturalizm ənənələri ilə fərqlənən Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini eyni coşqu ilə qeyd etdiklərini söyləyən səfir xalqımız üçün müstəqilliyin əsas nemət olduğunu vurğulayıb. O, Azərbaycanda yəhudi sinaqoqu və pravoslav kilsəsində Azərbaycan himninin xorla ifa edilməsi videosuna istinad edib və himnin gözyaşı ilə oxunduğunu xatırladaraq Azərbaycanın bütün vətəndaşları üçün sevimli Vətən olduğunu vurğulayıb.
Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı vurğulayıb. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırladan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident Donald Tramp və Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırladıb.
Səfir Azərbaycanın tarixi ənənələri, xalqın iradəsi və dövlət başçısının düşünülmüş, uzaqgörən siyasətinin ölkəmizin uğur formulunu təşkil etdiyini söyləyib. O, ümidvar olduğunu bildirib ki, ölkəmizin işğal altındakı torpaqları tezliklə azad ediləcək, didərgin düşmüş soydaşlarımız öz yurdlarına geri qayıdacaq.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevə istinadən qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günlə fəxr edərdilər. Bir vətəndaş kimi son əsrdə ölkəmizin keçdiyi yoldan şərəf duyduğunu söyləyən səfir dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli və Qara Qarayev, repressiyalara məruz qalmış böyük şairlər Mikayıl Müşfiq, Hüseyn Cavid, alimlərimiz, II Dünya müharibəsində faşizmlə müharibədə canlarını qurban vermiş soydaşlarımız, 20 Yanvarda ölkəmizin müstəqilliyi uğrunda, habelə Ermənistanın təcavüzünə qarşı mübarizədə şəhid olmuş hər kəsin bu günlə fəxr edə biləcəyini söyləyib, habelə dünyada özünü Azərbaycana bağlı sayan hər kəsin bu günü bayram etdiyini vurğulayıb.
ABŞ-ın müxtəlif ştatlarında soydaşlarımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini söyləyən səfir bu sırada Nyu-York, Hyuston, Çikaqo şəhərlərini qeyd edib, habelə bu yaxınlarda Bruklində Azərbaycanın 100 və İsrailin 70 illiyi ilə bağlı tədbiri Azərbaycan əsilli yəhudilərin təşkil etdiyini misal göstərib.
Səfir ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında artdığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. Səfir Vətənimizin keşiyində layiqincə göstərdikləri xidmətlərə və dünyanın müxtəlif yerlərində sülhməramlı missiyalarda iştirakına görə Azərbaycan hərbçilərinə minnətdarlığını bildirib.
E.Süleymanov ABŞ Administrasiyası da daxil olmaqla, ziyafətdə çoxsaylı qonaqların iştirakının ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək müstəqilliyin Azərbaycan üçün ən vacib nemət olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər.
Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkəmizin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirib. Ölkəmizi müttəfiq, dost və tərəfdaş adlandıran ABŞ naziri Azərbaycanın həm region, həm də dünya üçün çox vacib olduğunu söyləyib.
ABŞ Prezidentinin xüsusi köməkçisi Fiona Hil çıxışında Prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubu ziyafət iştirakçıları üçün oxuyub. O, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəmizə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanın çox böyük nailiyyətlər əldə etdiyini vurğulayıb.
ABŞ Dövlət katibinin köməkçisinin müavini Bricit Brink bu yaxınlarda Azərbaycandan səfərdən olduqca məmnun qayıtdığını, Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müsəlman demokratik respublikası olduğunu xatırladaraq bu dövlətin nailiyyətlərini sadalayıb. Hazırda Azərbaycanın vacib rol oynadığını vurğulayan B.Brink ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji, nəqliyyat layihələrini və digər layihələri qeyd edib. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihə ilə Xəzər regionunun dünya iqtisadiyyatına inteqrasiya edəcəyini söyləyib.
Daha sonra ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Pentaqonun Azərbaycanla əməkdaşlığının tarixçəsinə nəzər yetirib, ABŞ-ın ölkəmizlə tərəfdaşlığa önəm verdiyini önə çəkib.
Konqresdə Azərbaycan İşçi Qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller çıxışlarında 100 illik münasibətilə Azərbaycanı təbrik edib, ölkəmizin ABŞ üçün vacib tərəfdaş olduğunu bildirib, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Loren Voqan 2018-ci il 28 May tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.
Həmçinin Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 May tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxuyub.
Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, “Silk Road Dance Company” və “Ritm Rəqs” qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib və milli mətbəxin nümunələrindən ibarət təamlar təqdim olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyi nəzərə alınaraq oruc tutan qonaqlar üçün, həmçinin iftar süfrəsi təşkil edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli tədbirdə ABŞ tərəfi olduqca yüksək səviyyədə təmsil olunub. Belə ki, ilk dəfə tədbirdə çoxsaylı natiqlər sırasında ABŞ kabineti səviyyəsində nazir, eləcə də Ağ Ev, Dövlət Departamenti və Müdafiə Departamentinin yüksək rütbəli rəsmiləri və Konqres üzvləri birlikdə çıxış ediblər.

yap.org.az

Digər xəbərlər