Siyasət

  • 4 201

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ Ermənistandan ayrılır”

image

“Sovet dönəmində Dağlıq Qarabağda narazılıqlar var idi. Bunlar belə demək mümkünsə xırda məişət narazılıqları idi. Amma Yerevandan Dağlıq Qarabağa kimsə gələn kimi bu narazılıqlar milli xarakter alırdı”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, 80-cı illərin ikinci yarısından İqor Muradyan Dağlıq Qarabağda Yerevanın separatçılıq ideyalarını sistemləşdirdi: “Bununla da Dağlıq Qarabağda separatçılıq ideyalarında fasiləsizlik yarandı. Nəticədə, Dağlıq Qarabağ erməniləri qapı bir qonşuları olan, vaxtı ilə onlara qucaq açmış, onları hərtərəfli himayə etmiş azərbaycanlılara kəc baxmağa başladılar. Dağlıq Qarabağda Ermənistanın yaydığı separatçılıq Dağlıq Qarabağı de-fakto Azərbaycandan uzaqlaşdırdı. İ.Muradyanın siyasi taleyi bəllidir. Azərbaycanda və Ermənistanda 5-3 nəfərdən başqa onu heç kim tanımır. ABŞ-dan göndərdiyi yazıları da Ermənistanın az tirajlı saytlarından başqa heç bir sayt yerləşdirmir. Onun vasitəsilə dünya erməniliyinin Dağlıq Qarabağda yaydığı separatizm indi bumeranq kimi Ermənistan respublikasına qayıdır.

Dağlıq Qarabağ erməniləri Ermənistandan əsaslı surətdə narazıdırlar:
I. Dağlıq Qarabağda hərbi-polis rejimidir. Serj Sərkisyan Bako Saakyanın vasitəsilə bu hərbi polis rejimini xeyli təkmilləşdirdi. N.Paşinyan Dağlıq Qarabağa ilk gəlişində həm Dağlıq Qarabağa, həm də ayrıca B.Saakyana dəstək mesajı verdi. Dağlıq Qarabağ ermənilərinin azad yaşamaq problemi daha da kəskinləşdi.II. Dağlıq Qarabağ ermənilərinin fikrincə, Dağlıq Qarabağ Ermənistandakılar üçün pul toplamaq vasitəsidir. Dağlıq Qarabağa yardım adı ilə pullar toplanır. Bu pulun cüzi qismi Dağlıq Qarabağa gəlib çatır. Qalan hamısı Ermənistandakı ermənilərin şəxsi hesablarında toplaşır.III. Dağlıq Qarabağa olunan yardımların digər fəsadı da az təhlükəli deyil. Bu vəsait hesabına tikilən evlər kreditlə yerli ermənilərə verilir. Nəticədə, ermənilər krediti ödəyə bilmədikləri üçün bankların girovuna çevrilib.IV. Ermənistan Azərbaycanı əyə bilmədi. Dağlıq Qarabağ erməniləri indi özlərini fiziki cəhətdən təhlükəsiz hesab etmirlər. Ermənistan güc vasitəsilə onların fiziki təhlükəsizliyini təmin edə bilmir, Azərbaycan Respublikası ilə də dialoq aparmaq bacarığında deyil. Ermənistan rəhbərliyi dünyanın iri dövlətlərinin qarşısında əski parçasına çevrilib.Konkret olaraq son hadisələrin səbəbinə gəldikdə isə əhalinin narazılığını neytrallaşdırmaq üçün Dağlıq Qarabağda xüsusi xidmət orqanları aktivləşib. Ermənistandan da bir dəstə onlara kömək göndərilib. Dağlıq Qarabağdakı xüsusi xidmət orqanları əhalinin sosial şəbəkələrdəki davranışına ciddi nəzarət etmək istəyirlər. Evlərə soxulan vaxtları da olub. Ona görə əhali narazıdır. Dağlıq Qarabağ erməniləri Ermənistandan ayrılacaqlar. 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində qalmağı seçəcəklər. Ermənistanda çox gözəl bilirlər ki, hətta 1988-93-cü illərdə Azərbaycanla xoş münasibətin tərəfdarı olan Dağlıq Qarabağ erməniləri var idi. İndinin özündə də Dağlıq Qarabağı de-fakto Azərbaycanın tərkibinə qayıtmasını arzulayanlar var.Bir şey dəqiq aydındır: Dağlıq Qarabağ erməniləri Ermənistandan aralandılar. Ola bilər Azərbaycana çatanadək hansısa dayanacaqda dayansınlar. Çalışacağıq buna imkan verməyək”.

sia.az

Digər xəbərlər