Hikmət Babaoğlu: “Prezident iftar mərasimində bir sıra mühüm məsajlar verdi"

“Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək bir sıra olduqca mühüm məsajlar verdi. Əgər bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə digər mühüm bir qismi hazırki beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perspektivləri ilə bağlı idi. Bu kontekstə cənab Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələlərini önə çəkərək həm dünya ictimaiyyətinə, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyini ilə bağlı fikirlər bildirdi”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib: “Yeni dünya nizamına doğru mühüm addımlar atılıb və bu proses dinamikdir. Multipolyar dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla əslində perspektiv multipolyar mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daima ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müıyyənləşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb. Buna paralel olaraq beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparılıb və ümumi mövqe lehimizə dəyişib.Azərbaycan Ermənistanı idarə edən hərbi xunta diktaturasını ifşa edə bilib. Ona görə də Prezident İlham Əliyev öz nitqində dedi ki, “mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Prezident Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir.Məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır. Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirdi ki, “mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”. Göründüyü kimi Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb və hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini diqtə edir çünki aclıq və safalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz.Prezident İlham Əliyev məz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış edərək bildirdi ki, “ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”. Bu fikirlərin bir qədər daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qrabağ brobleminin həlli bütövlükdə Qafqaza sülh və əminamanlıq gətirə bilər ki, bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir”.

sia.az