Azərbaycanı bölünməkdən xilas edən Qurtuluş günü

“15 iyun tarixinin adı təsadüfən Qurtuluş günü deyil. Bu günün sayəsində Azərbaycanın müstəqilliyi qorundu və ölkəmiz bölünməkdən qurtuldu”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli deyib.Azərbaycanın əsrin əvvəllərində və sonunda çox böyük imtahanlardan keçdiyini deyən deputat söyləyib ki, ölkəmiz hər zaman böyük dövlətlərin yeminə çevrilib: “Əsrin əvvəllərində Cümhuriyyət adında dövlət yaratdıq və bu dövlət qara qüvvələr tərəfindən cəmi 23 ay yaşadı və süqut etdi. 70 ildən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi. Həmin o Cümhuriyyəti süqut edənlərin övlad və nəvələri bu dəfə Azərbaycanın üzərinə çökərək yenidən ölkəmizi parçalamaq, bölmək, müstəqilliyimizi əlimizdən almaq istəyinə düşdü. Bunun nəticəsində də Azərbaycanda çox böyük gərginlik yarandı. Ölkə daxilində problemlər, ayrı-ayrı silahlı qüvvələr, Azərbaycan Xalq Cəbhəsi dövründə əmələ gələn hakimiyyətə tabe olmayanların sayəsində Gəncə hadisələri baş verdi. Ölkədə silah işə düşdü”.F.İbrahimli qeyd edib ki, 90-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət edərək baş verənlərin xilasını Ümummilli liderin Azərbaycana dəvətində gördülər: “Təbii ki, xalq da bu istəyi dəstəklədi. Ulu Öndər Heydər Əliyevin xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycanda siyasi sabitliyin yaranması istiqamətində uzun müddətli proses başladı. Dahi şəxsiyyətin həyata keçirdiyi mühüm işlər nəticəsində nəhayət Azərbaycan sabit və stabil ölkəyə çevrilməyə başladı. Ümummilli liderin qayıdışı Azərbaycanın müstəqilliyinə rəvac verən siyasi addımlarla müşayiət olundu. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Bütün baş verənlərə görə, 15 iyun Azərbaycan tarixində Qurtuluş kimi özünə yer tapıb”.

sia.az