Azərbaycan Prezidenti Ermənistanın yeni hakimiyyətinə tövsiyə etdi!

İlham Əliyev: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir”
İşğalçı Ermənistanın əvvəlki kriminal rəhbərliyinin, daha dəqiq desək, Serj Sarkisyan hakimiyyətinin uzun illər boyu ölkəmizə qarşı təcavüzkar siyasət yürütməsi, Dağlıq Qarabağ və ətraf rayonlarda vəhşiliklər törədərək, açıq-aşkar terrorçuluq əməlləri ilə günahsız soydaşlarımızı qətlə yetirməsi, çoxsaylı vandalizm aktlarına rəvac verməsi, bir daha təsdiq edir ki, Azərbaycan dövləti və onun rəhbərliyi ötən illər ərzində dəfələrlə bu barədə beynəlxalq aləmi agah edib, baş verənləri faktlar və dəlillər əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Lakin son bir neçə ay ərzində Ermənistanda baş verən hadisələr, eləcə də, xalqın kriminal Sarkisyan rejiminə qarşı qaldırdığı qiyamı nəticə etibarı ilə bu rejimin hakimiyyəti tərk etməsi ilə sonuclandı. O cümlədən, beynəlxalq aləm də bu ölkədə baş verənləri, yəni hakimiyyət dəyişikliyini necə deyərlər, təqdir etdi.
Digər mühüm məqam isə budur ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu barədə bir çox yüksək tribunalardan danışıb, ölkəmizin 20 faiz torpaqlarının erməni işğalında qaldığını diqqətə çatdırıb. Bu barədə dövlət rəhbərimiz müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində söylədiyi nitqində də bəyan edib. “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir”- vurğulayan Prezident İlham Əliyev, həmçinin, xatırladıb ki, O, dünyanın ən ali kürsüsündə kriminal Ermənistan hakimiyyətini ifşa edib. SİTAT: “Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm”.
Ölkə başçımız Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırdığını da xatırladaraq, qeyd olunan fikirlərinin reallıq olduğunu vurğulayıb: “Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.
Göründüyü kimi, əgər Ermənistanın sabiq hakimiyyət dairələri kriminal, quldur rejim olmasaydı, bu zaman erməni xalqı qiyam edərək, Serj Sarkisyanın hakimiyyətdən getməyinə nail olmazdı. Lakin fakt budur ki, uzun illər Azərbaycana qarşı işğalçılıq və qaniçən siyasətində imzası olan Sarkisyan rejimi devrildi və onun getməsinə daha bir səbəb, eyni zamanda, erməni xalqını ac, səfil gününə məruz qoyması oldu. Belə ki, bu gün istər regional, istərsə də bir çox beynəlxalq miqyaslı layihələrdən təcrid edilmiş vəziyyətə düşən Ermənistanın hazırkı halının əsas baiskarı da, bilavasitə quldur Serj Sarkisyan hakimiyyəti olub. Məhz bu baxımdan, Prezident İlham Əliyev “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir” fikirlərini irəli sürərək, Ermənistanın ağır və çıxılmaz duruma düşməsini bu ölkənin işğalçılıq siyasəti yürütməsi və s. faktorlarla əlaqələndirib. Məhz kriminal Sarkisyan rejiminin bu siyasəti nəticəsində, Ermənistanda, demək olar ki, əhalinin böyük hissəsi qalmayıb, onlar müxtəlif ölkələrə qaçaraq, bu rejimdən yaxalarını qurtarmağa, ac qalmamağa çalışıblar.

“İndi erməni xalqı
anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”

“Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”-deyə vurğulayan ölkə başçımız Ermənistanın kriminal xunta rejiminin bu ölkəni acınacaqlı vəziyyətə saldığını qeyd edib. SİTAT: “O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində, Ermənistan bu acınacaqlı vəziyyətə düşüb”.
Ölkə başçımız xatırladaraq bildirib ki, O, dəfələrlə Ermənistanda iqtisadi böhranın, demoqrafik böhranın yaşandığını, ölkənin boşaldığını, hər il on minlərlə insanın o ölkəni həmişəlik tərk etdiyini, Ermənistanda inkişaf üçün heç bir perspektivin olmadığını deyib. Bu olayların hər birinin arxasında isə birbaşa işğalçılıq faktoru dayanır. Bu işğalçılıq faktoru isə Ermənistanı get-gedə daha çıxılmaz vəziyyətə doğru sürükləyir. SİTAT: “Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi və nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir”.
Təbii ki, belə davam edərsə, təcrid olunmuş Ermənistan sosial, iqtisadi və s. sahələrdə tənəzzülə uğrayaraq, hətta məhv olmaq təhlükəsini yaşaya bilər. Dağlıq Qarabağ münaqişəsinin əsas baiskarı olan Ermənistan dövləti və onun yeni hakimiyyəti belə bir vəziyyətə düşməməsi üçün ağıllı qərar verməlidir. Əks halda Ermənistan yuxarıda qeyd edilən təhlükələrdən yaxa qurtara bilməyəcək. Əksinə, güclü və qüdrətli Azərbaycan dövləti həqiqəti və ədaləti bərpa edəcək. Prezident İlham Əliyev bu barədə qeyd edib. SİTAT: “Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

“Ümid edirəm ki,
Ermənistanın yeni
rəhbərliyi əvvəlki
hakimiyyətin səhvlərini təkrarlamayacaq”

Ölkə başçımız onu da qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi keçmiş rəhbərliyin buraxdığı səhvləri təkrarlamamalı, münaqişənin qısa zamanda həll olunmasında maraqlı tərəf kimi çıxış etməlidir: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

“Biz ardıcıl siyasət aparmaqla ölkəmizin ərazi bütövlüyünü
bərpa edəcəyik”

Dövlət başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalı olduğunu bir daha vurğulayıb və qeyd edib ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır: “Biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər və kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması, artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
“Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”-deyə vurğulayan Prezident İlham Əliyevə görə, bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri, nəinki Azərbaycanın mövqeyini gücləndirir, eyni zamanda, münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır. “Biz yorulmaz fəaliyyət nəticəsində, buna nail olmuşuq”-deyə qeyd edən ölkə başçımız, məhz ardıcıl siyasətin aparılması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticəsini tapacaq: “Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
Beləliklə, Prezident İlham Əliyevin mühüm və əhəmiyyətli fikirləri də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ermənistanın hazırkı rəhbərliyi ciddi şəkildə götür-qoy edərək, əvvəlki cinayətkar rejimin yanlışlıqlarını təkrarlamamalı, əksinə, ölkələrinin düşdüyü ağır vəziyyətdən çıxması üçün beynəlxalq hüququn tələblərinə riayət etməlidir. Əks-halda, bu ölkənin gələcəyi böyük sual altında qala bilər.

Rövşən NURƏDDİNOĞLU