Sahibə Qafarova: “Azərbaycan öz istədiyinə nail olacaq”

"Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan İftar mərasimində bir çox mühüm məsələlərə toxundu, ölkəmizin sosial-iqtisadi inkişafı, qarşıda duran hədəflərlə bağlı dərin təhlillərini diqqətə çatdırdı. O cümlədən, dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İrəvanın keçmiş kriminal hakimiyyətinin qanunsuz, cinayətkar fəaliyyəti haqqında söylədiyi fikirlər, münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də erməni xalqına da ciddi mesajlarla dolu idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.Onun sözlərinə görə, dövlətimizin başçısının da ifadə etdiyi kimi, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərimizin öz yurd – yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüuquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən də qəbul olunur və dəstəklənir. "Bu gün Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması heç kimdə şübhə doğurmur. Bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan separatçı, kriminal rejimi tanımır. Şübhə yoxdur ki, bütün bunlar möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın parlaq nəticələridir. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunacaq, buna heç bir şübhə yoxdur. Bu məsələdə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Həm tarixi həqiqətlər, beynəlxlaq hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi gücü, hərbi potensialı və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir", - deyən Sahibə Qafarova əlavə edib ki, erməni xalqı da bu gerçəkliyi nə qədər tez dərk edərsə, bir o qədər onların mənafeyinə olar.Millət vəkili deyib ki, bu gün Ermənistandakı ağır böhranın kökündə bu dövlətin Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. "Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistana nəinki nəsə qazandırıb, əksinə bu dövlət işğalçılıq siyasətinin ağır fəsadlarını yaşamaqdadır. Bütün regional layihələrdən, mühüm enerji və nəqliyyat dəhlizlərindən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistan Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində dalan dövlətə çevrilib. Bunda ölkəyə rəhbərlik etmiş kriminal ünsürlərin, o cümlədən Ermənistanın keçmiş rəhbərlərinin də rolu olub", - deyə S.Qafarova vurğulayıb.Millət vəkilinin fikrincə, Prezident İlham Əliyev iftar mərasimindəki nitqində çox ciddi arqumentləri ilə Ermənistanın keçmiş rəhbərlərini növbəti dəfə ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın əvvəlki hakimiyyətinin bir çox hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətdiyini, bu qaniçən, kriminal, quldur rejiminin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistanın bu acınacaqlı vəziyyətə düşdüyünü bildirdi. Prezident İlham Əliyev dedi ki, nəhayət erməni da xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdüb."Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və onlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, tarixi gerçəkliklər əsasında həlli prosesində səmimi olaraq iştirak edəcək. Sirr deyil ki, əvvəlki hakimiyyət danışıqlarda imitasiya ilə məşğul olurdu, müxtəlif təxribat və bəhanələrlə status-kvonu saxlamağa cəhd edirdi. Amma Azərbaycanın və münaqişənin həllinə vasitəçilik edən həmsədrlərin mövqeyi bundan ibarətdir ki, status-kvo dəyişməlidir və münaqişənin həlli ilə bağlı real addımlar atılmalıdır", - deyə Sahibə Qafarova bildirib.

sia.az