Mais Səfərli: “Çirkli qrant alan Əli Kərimli qanun qarşısında cavab verəcək”

“Azərbaycan qanunvericiliyinə görə, siyasi təşkilatlar xarici ölkələr tərəfindən maliyyələşə bilməz”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli bildirib.Onun sözlərinə görə, bu, birmənalı şəkildə, bizim qanunlarımızda öz əksini tapıb: “Hər hansı bir siyasətçi və təşkilat xaricdəki qaranlıq mənbələrdən maliyyələşirsə, bu zaman hüquq-mühafizə orqanları çox ciddi araşdırmalar aparmalıdır. Yəni, bu məsələ ciddi şəkildə özünün həm hüquqi, həm də siyasi qiymətini almalıdır. Ona görə ki, müxalifətin qaranlıq dairələrdən maliyyələşməsi Azərbaycan dövləti üçün təhdidlər yaradan bir hərəkətdir. Əlbəttə ki, AXCP sədri Əli Kərimlinin Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 412 min ABŞ dolları alması istintaq tərəfindən isbatlanarsa, birmənalı şəkildə, Ə.Kərimli qanun qarşısında cavab verəcək. Ümumiyyətlə, bir sıra müxalif siyasi təşkilatların maliyyə fəaliyyəti qeyri-şəffafdır. Siyasi təşkilatlarla yanaşı, siyasiləşmiş QHT-lər də ciddi maxinasiyalarla məşğuldurlar. Əslində, hər kəsə aydın olmalıdır ki, bu və ya digər təşkilat haradan maliyyələşir, bunların maliyyə qaynaqları kimlərdir, onları kimlər maliyyələşdirir və bu maliyyə hara xərclənir, necə xərclənir? Əgər bunlar gizlədilirsə, o zaman həmin partiyalara qarşı hüquqi tədbirlər görülməlidir”.

sia.az