Mübariz Əhmədoğlu: “Nikol Paşinyan təklif formalaşdıra bilmir”

“Ermənistan hökumətinin son iclaslarının birində Nikol Paşinyan Dağlıq Qarabağın adından danışıq aparmağa mənəvi, siyasi hüququnun olmadığını bildirdi. Özündən əvvəlki rəhbərlər əslən Dağlıq Qarabağlı olduqları üçün onlar Dağlıq Qarabağın adından buna görə danışırmışlar. Niko Paşinyan isə ermənistanlıdır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, N.Paşinyanın bu yanaşmasının kinayə ilə cavabı daha səlisdir: “N.Paşinyan özünü Ermənistanın rəhbəri hesab etmir. N.Paşinyan Ermənistan-Diaspor-Dağlıq Qarabağ üçlüyünü qəbul etmir.Reallıqda isə N.Paşinyan həqiqətən savadsızdır. Adicə təklif formalaşdıra bilmir. Onun dedikləri yarımçıqdır. Əgər o Ermənistana rəhbərlik edirsə, deməli Ermənistanın bütün hərəkətlərinə məsuliyyət daşıyır. Erməni ekspertləri də etiraf edirlər ki, Dağlıq Qarabağ müstəqil deyil. Orada şəxsiyyət vəsiqələrindən tutmuş avtomaşınların nömrələrinə qədər hər şey Ermənistana məxsusdur, büdcə Ermənistandan ayırmaların hesabına doldurulur, təbii qaz Ermənistandan gedir. Amma ən vacibi Ermənistanın təxminən 20-25 minlik ordusu Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərində yerləşdirilib. Rəhbəri olsaydı Ermənistanın bu addımlarının məsuliyyətini daşıyardı. Ona görə N.Paşinyana mümkün qədər üsyankar inqilabçı imicindən xilas olmaq lazımdır. Real praqmatizm tamam fərqli məsələdir.N.Paşinyanın real praqmatizmi daddığını bilirik. Sosial yığım fondları ilə bağlı qərarını 180 dərəcə dəyişdi. Çünki Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistana kredit verməyəcəkdir. Eləcə də Ermənistanın xarici borcunun restruktizasiyası ilə bağlı əldə olunmuş razılaşmaları ləğv edəcəkdir. N.Paşinyan anladı və mövqeyini dəyişdi. Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın savadsızlığı və təcrübəsizliyi daha ciddi fəsadlar yarada bilər. Azərbaycan sabit və güclənən dövlətdir. Ermənistan xaos yoluna qədəm qoyub. Naxçıvandakı yüksəkliklərin itirilməsi proseslərin başlanğıc istiqamətini göstərdi. O zaman N.Paşinyan məsuliyyətini anlamasa da məsuliyyət özü N.Paşinyanı anladacaqdır”.

sia.az