Qabil Hüseynli: “Paşinyan hər şeyi sıfırdan başlamaq istəyir"

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfəri bir növ tanışlıq xarakteri daşıyacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Ermənistanda siyasi hakimiyyət dəyişib: “Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət də ciddi surətdə dəyişib. Bu dəyişiklik demək olar ki, danışıqlar yolunda ciddi problemlər yaratmaqdadır. Zənnimcə, həmsədrlər bu yolları tutmuş maneələri aradan qaldırmaqla daha çox məşğul olacaqlar. Səfərdən əhəmiyyətli nəsə gözləmirəm. Çünki Ermənistan tərəfi mövqeyini daha da sərtləşdirib və çox ağılsız bir təkliflər irəli sürməkdədir. Bəzən bu təkliflərin birinin digəri ilə əlaqəsini məntiqi cəhətdən düzüb qoşa da bilmirlər. Ona görə də həmsədrlərin səfəri ancaq danışıqlar praktikasını yeniləmək və tərəfləri qabaqcadan şərtlər irəli sürmədən danışıqlar masası arxasında əyləşdirməyə çalışacaqlar. Danışıqların gündəliyini əvvəlki dövrdə əldə edilmiş müəyyən razılaşmaları da saxlamaqla yenidən bərpa etməyə çalışacaqlar. Çünki Nikol Paşinyan hər şeyi sıfırdan başlamaq istəyir. Bir sözlə, həmsədrlərin səfəri hələ ki texniki xarakter daşıyacaq. Bu kifayət qədər mürəkkəb bir səfərdir.Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Ermənistana səfər edəcəklər. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib. O deyib ki, iyunun 13-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər.

sia.az