Musa Quliyev: “Ordumuz üçün lazım olan hər cür texniki imkanlar vardır"

İyunun 26-da qeyd olunacaq Azərbaycan Ordusunun yaranması günü münasibətilə milli ordumuzu, onun rəhbər heyətini, digər zabit heyətini, generallarımızı təbrik edirəm. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir və regionun ən güclü ordusudur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycan ordusu ən müasir texnika ilə təchiz olunmuş ən çevik, peşəkar heyətlə təmin olunmuş bir ordudur: “Azərbaycan ordusu həm NATO standartlarına, həm də öz təlimatlarımıza, daxili qanunlarımıza uyğun təşkil olunmuş bir ordudur. Bu ordunun yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovetlər dönəmində Ulu Öndər böyük uzaqgörənliyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün ordumuzun əsas zabit və general heyəti həmin liseyin müdavimləridir, oranı bitirmiş bizim hərbçilərimizdir. Azərbaycan ordusu cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə dünyanın ən güclü ordusuna çevrilib. Həm ordumuzun texniki təchizatı, həm də nizamı, əsgər və zabit heyətinin peşəkarlığı daima cənab İlham Əliyevin qayğısı və diqqəti altındadır.Son iki ildə bizim ordunun gücünü artıq düşmənlərimiz və bütün dünya da bilir. “Lələtəpə”dəki bizim ordunun üç günlük döyüş zamanı düşmənə vurduğu zərbələr, əldə etdiyi uğurlar və “Lələtəpə”nin alınması bütün dünyaya bir daha mesaj oldu ki, Azərbaycan öz torpaqlarını öz ordusunun gücü ilə istənilən an azad etməyə hazırdır. Bir neçə gün bundan əvvəl Naxçıvanın Şərur rayonunda bir neçə strateji yüksəkliyin alınması və Günnüt kəndinin işğaldan azad edilməsi bir daha Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Bu gün Azərbaycan ordusunda çevik hücum və müdafiəsi üçün lazım olan hər cür texniki imkanlar vardır. İstər aviasiyamız, istərsə də motoatıcı ağır texnikamız, digər piyada qoşun növləri və s. hər şey ordumuzda yüksək səviyyədədir. Biz ordumuza uğurlar arzulayırıq. Ordumuzun yaranmasının 100 illiyi münasibətilə də hərbçilərimizi bir daha təbrik edirik. İnşAllah yaxın günlərdə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edəcək və şanlı Azərbaycan əsgəri Azərbaycanın bütün ərazilərində bizim bayrağımızı ucaldacaq”.

sia.az