Bayram Səfərov: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır

«Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır». Bu fikri «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir, eləcə də bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər. «Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü və regionda mövcud olan real vəziyyət bunu deməyə əsas verir»-deyə, B.Səfərov qeyd edib.

yap.org.az