Müşfiq Ələsgərli: “Müstəqilliyimizin tarixi Heydər Əliyev adı ilə bağlıdır”

“Əlbəttə, bu bir faktdır ki, Ümumilli lider Heydər Əliyev ona ünvanlanmış təklifləri qəbul etməsəydi, 1993-cü ilin 15 iyununda Bakıya gəlib hakimiyyətin məsuliyyətini öz üzərinə götürməsəydi, bu gün biz Azərbaycanın müstəqilliyindən danışa bilməzdik, hətta Azərbaycanın indikindən fərqli olaraq, bir neçə yerə parçalanmış hissələrini müzakirə etməliydik. Ona görə də deyirlər ki, müstəqilliyi qazanmaqla yanaşı, onu qorumağı bacarmaq da mühüm şərtdir. Amma mən bura bir qeydimi etmək istərdim. Bəzən elə təəssürat yaradılır ki, guya müstəqilliyi qazandıranlar başqa biriləridir, Heydər Əliyev isə yalnız onun yaşadılmasını təmin edib. Hansı ki, durum fərqlidir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədr müavinin sözlərinə görə, 1990-cı illərdə rəsmiləşdirilən müstəqilliyinə gedən yol əslində 60-cı illərdən başlayır: “Bu dövrdə ədəbiyyat, tarix, media sahələrində, bir sözlə, ideoloji müstəvidə müstəqilik ideyaları, Azərbaycan xalqının tarixi problemləri gizli müzakirələrdən nisbətən açıq müstəviyə keçirildi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra isə, bu proses nizamlı xarakter aldı, gələcək müstəqil Azərbaycanın qurulması üçün hüquqi, iqtisadi, siyasi baza formalaşdırıldı. Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi və burada Azərbaycan dilinin rəsmi dövlət dili statusuna gətirilməsi, SSR-i tərkibində nisbi də olsa, müstəqil davranış üçün mühitin formalaşdırılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda hərbi məktəblərin açılması və azərbaycanlı zabitlərin yetişdirilməsi, Azərbaycanın iqtisadi qüdrətini artıran sənaye müəssisələrinin yaradılması faktiki olaraq Ümumilli liderin birinci hakimiyyəti dvrünə təsadüf edir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın sonuncu müstəqillik tarixi Heydər Əliyev adı ilə bərabərlik təşkil edir”.

sia.az