Elçin Mirzəbəyli: ““Media Klubu” klub formatından uzağa getməyəcək"

“Azərbaycanda ənənəvi olaraq mətbuatın inkişafına və mediadakı proseslərin xarici dairələrin əlində oyuncağa çevrilməsinə cəhd göstərən bir qrup şəxsin fəaliyyəti nəticəsində “Media Klubu” ortaya çıxıb. Adını da çox düzgün qoyublar. Çünki bu klub formatından uzağa getməyəcək bir layihədir”. Bunu SİA-ya açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.Baş redaktorun sözlərinə görə, Azərbaycanda özünə hörmət edən, ölkəmizin maraqlarını üstün tutan, mediadakı peşəkarlıq prinsiplərinə önəm verən peşəkar jurnalistlərin heç biri bu prosesə dəstək verməyiblər və verməyəcəklər: “Vaxtilə eyni adamlar Azərbaycan Mətbuat Şurasının formalaşması prosesinə də mane olmağa çalışıblar. Həmin dövrdə mətbuatın uzaqgörən nümayəndələri və baş verən hadisələrin mahiyyətini dərk edən insanlar bu marginal qrupların mediada üstünlüyü ələ almasına imkan vermədilər. Mütəmadi olaraq dedi-qodu xarakterli informasiyalarla Azərbaycan mətbuatında öz mövqelərini qoruyub saxlamağa cəhd göstərən və nə peşə prinsipinə, nə də ki, milli maraqlara əməl etməyən insanlar ölkə mətbuatına söz sahibi ola bilməzlər. Məsələnin mahiyyəti əslində göz önündədir. Biz bu prosesləri yaşamışıq. Baş verən hadisələrin hər biri gözlərimiz önündən keçib. Bu insanların Azərbaycan mətbuatının adi toplantısında beynəlxalq təşkilatların məktublarını az qala özləri üçün konstitusiya müddəaları kimi oxuduqlarının şahidi olmuşuq. Bütövlükdə bu adamların Azərbaycan mətbuatının milli maraqlara xidmət etməsinə necə maneə yaratmağa cəhd göstərməsinin şahidi olmuşuq. Xarici dairələrdən qrant hesabına aldıqları vəsaitlərlə ölkədə jurnalistikanın konkret olaraq media siyasətinin ayrı-ayrı xarici dairələrin əlində olmasına cəhd göstərdiyinin, bu istiqamətdə addımlar atdığının şahidi olmuşuq.Bu qara-qışqırıqçılıq, hay-küyçülük, aqressiya, bütövlükdə şantaj, təhdid yolu ilə ayaqüstdə media siyasətinə təsir göstərmək cəhdləri bizim gözümüzün önündə baş verib. Təəssüf ki, bu keçmişi yaşamışıq. Hesab etmirəm ki, bu adamların köhnə layihəsi uğur qazanacaq. Hərçənd onlara bu istiqamətdə dəstək verən insanların da iflasa uğrayacağını düşünürəm. Hesab edirəm ki, mətbuatımız doğru bir yoldadır və konseptual əsaslarla özünün inkişaf yolunu seçib. Bu gün Azərbaycan mediası əvvəlkindən daha peşəkardır və milli maraqlarını müdafiə etmək iqtidarındadır. Media bu gün daha analitik təfəkkürə malik olan insanların apardığı informasiya siyasətinin təsiri altındadır”.

sia.az