Siyasət

  • 7 825

Yeni Azərbaycan Partiyası 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

image

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.YAP Sədrinin müavini qeyd edib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siysət komitəsinin sədri Eldar İbrahimov çıxışında bildirib ki, 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Onun sözlərinə görə, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
E.İbrahimov bildirib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. «Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və mənim üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı»-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Tədbirdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Rəna Süleymanlı çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında fikirlərini bildirib. O deyib ki, Azərbaycanın milli qurtuluşdan başlanan inkişaf və tərəqqisi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. R.Süleymanlının sözlərinə görə, bütün Azərbaycan vətəndaşları, o cümlədən gənclər müstəqil Azərbaycanın daha da inkişafı və güclənməsi üçün dövlət başçısının ətrafında sıx birləşiblər: “Müasir Azərbaycan gəncliyi də qurtuluş məfkurəsinin bəhrəsidir. Əgər qurtuluş olmasaydı, bugünkü xoşbəxt Azərbaycan gəncliyindən söhbət gedə bilməzdi. Biz özümüzü xoşbəxt hesab edirik ki, güclü Azərbaycan dövlətində yaşayırıq. Dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. Öz növbəsində gənclərimiz də müstəqil dövlətimizi qorumalı, Azərbaycanı gözü götürməyən qüvvələrə tutarlı cavab verməlidir. Sevindirici haldır ki, Azərbaycanda məhz belə bir vətənpərvər, intellektual gənclik formalaşıb”.

yap.org.az

Digər xəbərlər