Siyasət

  • 3 500

Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

image

Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.
Bu barədə iyunun 22-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.İclasda “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunmuş tapşırıqların icrası məqsədilə həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.

Əli Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasındadır. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.
Baş nazirin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1–dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.
Komissiyanın sədri bildirib ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir.
Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya yanında yaradılan işçi qrupların rəhbərlərinin məruzələri dinlənilib.
İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

yap.org.az

Digər xəbərlər