Siyasət

  • 20 291

Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordu hesab olunur

image

Şanlı Azərbaycan Ordusunun 100 illiyi ərəfəsindəyik və bu bir əsrlik şərəfli tarix xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. Yarandığı ilk gündən ordumuz vətənin keşiyindədir və keçdiyi keşməkeşli yollara rağmən hər zaman fədakarlıqla mübarizə aparır, ardıcıl olaraq, neçə-neçə zəfərlərə imza atır. Hazırda ordumuzun qüdrəti bütün dünya ictimaiyyətinə bəllidir və istər maddi-texniki bazasına, silahlanmasına, təchizatına, istər vətənpərvərlik ruhuna, istərsə də ordu sıralarının nizam-intizamına, möhkəmliyinə, şücaətinə görə dünya ölkələri arasında ön sıralarda qərarlaşıb.
Azərbaycan Ordusunun şərəfli tarixinə nəzər salsaq, görərik ki, bu bir əsrlik tarixi olan şanlı ordumuz ötən əsrin əvvəllərindən bu günə qədər, bircə dəfə də olsa, düşmənin qarşısından qaçmayıb. Əksinə, hərb meydanlarında öz şücaəti ilə fərqlənib, igidliklər nümayiş etdirib, şəhidlər verib, bütün çətinliklərə qürurla sinə gərib. Ordumuz bu tendensiyanı şərəflə davam etdirir və artıq 30 ilə yaxındır ki, düşmən həmləsi layiqincə susdurulur, hətta düşmənin işğalçılıq siyasəti sayəsində ələ keçirdiyi torpaqların bir qismi də ordumuzun qüdrəti ilə geri alınıb. Ölkəmiz daim sülh tərəfdarı olub və bu səbəbdən də, hazırkı dövrə qədər Ermənistan tərəfindən zəbt olunmuş torpaqların hərbi yolla geri qaytarılmasına maraqlı olmayıb. Lakin silahlı qüvvələrimiz, mütəmadi olaraq, düşmənə öz gücünü göstərib, sülh yolu ilə razılığa gəlinməyəcəyi, torpaqlarımızın geri qaytarılmayacağı təqdirdə, işğal olunmuş ərazilərimizin hərbi yolla geri alınması iqtidarında olduğumuzu sübut edib. 2016-cı ilin aprel döyüşləri də, bu il Naxçıvanda düşmənə vurulan zərbə də bunun əyani sübutudur və bütün dünya ictimaiyyəti də, Ermənistan da, artıq ordumuzun qüdrətinin fərqindədir.

Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin ordusu ötən əsrin əvvəllərində yaradılıb

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb və bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətinin öz ordusunu yaratmasına hüquqi əsas verib. Beləliklə də, 1918-ci il 26 iyun tarixli Fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb, avqustun 1-də artıq Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edilib və dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edilib. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb və dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrılıb. Azərbaycanda ilk hərbi parad isə 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
Təkcə son dövrlərdə deyil, hətta yarandığı ilk dövlərdən belə ordumuzun zəfərləri saysız hesabsızdır və təsis edildiyi vaxtdan sonra qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. Bu, hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərib, Qazaxda Azərbaycan sərhədlərini pozmuş erməni nizami ordu hissələrini darmadağın edib. Azərbaycan Ordusunun hələ o dövrdə Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski və Həbibbəy Səlimov kimi generalları olub.

Sovet imperiyası Azərbaycan Ordusunun formalaşmasının, hərb elminə yiyələnən hərbçilərin olmasının əleyhinə idi

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib, onun rəhbərlərinin əksəriyyəti də Nargin adasına aparılaraq güllələnib. Sözsüz ki, Sovet imperiyası Azərbaycan Ordusunun olmasına razı ola bilməzdi və bu səbəbdən də, Milli Ordu rəhbərlərinə qarşı amansızlıq etməsi başadüşüləndir. Hətta Sovet hakimiyyəti dövründə imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi də. Çar dövründən fərqli olaraq, Sovet hakimiyyəti dönəmində azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da onların heç birinə hərbi sənətin sirlərini öyrənməyə şərait yaradılmırdı və onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən, tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi və bəlli idi ki, azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin olmasını və yetişdirilməsini istəmirdilər.
Sovet imperiyasının bu siyasətinin mahiyyətini yaxşı başa düşən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına İxtisaslaşdırılmış Hərbi Məktəb təşkil etdi və azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə, eləcə də, SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu danılmazdır. Burada yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərib və bu hərbçilərə hər zaman ehtiyac duyulub.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrildi

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilməkdə idi. Hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilirdi və şəxsi məqsədlərə xidmət etmək üçün nəzərdə tutulurdu.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu və bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində, qısa zaman kəsiyində, Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah-sursatından istifadə edərək, 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq vermək məcburiyyətində qaldı.
Ümummilli Lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı və onun 20 avqust 2001-ci il tarixli növbəti Fərmanı ilə silahlı qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradıldı. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır və bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq, Prezidentin Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hazırda Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Ölkəmizin hərbi qüdrətinin artması təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, dünya ictimaiyyətinin də maraq dairəsindədir

Hazırda bütün dünya ictimaiyyəti, böyük dövlətlər Azərbaycanın siyası və iqtisadi qüdrəti ilə hesablaşmaq məcburiyyətindədir və ölkəmizin dinamik inkişafı inkar edilə bilməz. Azərbaycan regionun lider dövlətinə çevrilib və bunu bütün dünya gücləri də etiraf edir. Neft ixrac edən ölkə kimi neft sənayesinin inkişafı da göz qabağındadır və son dövrlərə qədər bir-birinin ardınca reallaşan qlobal layihələr sadalananları isbatlayır. Ölkəmiz ən yeni qlobal layihələrə imza atdıqca qüdrətini daha da artırır və bu da, öz növbəsində, vətənimizin bütün sahələrdə, eləcə də, hərbi sahədə potensialının artması deməkdir. Bu potensialın mövcudluğuna və artımına dünya ictimaiyyətinin zərrə qədər şübhəsi ola bilməz. Çünki uğurlar və nailiyyətlər göz qabağındadır və bu, hətta gələcək inkişafa da zəmin yaradır. Hətta bütün dünya qlobal maliyyə böhranı yaşadığı bir dövrdə ölkəmizin qeyri-neft sektorunda, kənd təsərrüfatında, sənaye sahələrində və ticarətdə qazandığı uğurları Azərbaycanın strateji inkişafının doğru istiqamətdə olduğundan xəbər verir. Təbii ki, belə uğurlu strategiya da, öz növbəsində, daha böyük nailiyyətlərdən xəbər verir və məhz bütün bunların fonunda Azərbaycan dünya ölkələri arasında söz və nüfuz sahibinə çevrilib.
Azərbaycanın belə dinamik inkişafının məntiqi nəticəsi olaraq, xarici investisiyaların da ölkəyə axını artım tendensiyasına sadiqdir və investorlar ölkədə sabitliyin qorunmasına çox maraqlıdırlar. Bu baxımdan, ölkəmizin hərbi qüdrəti, əslində, təkcə ölkə vətəndaşları üçün yox, həmçinin, məhz onların da, dolayısı ilə bütün dünya ictimaiyyətinin də maraq dairəsindədir. Qarabağ probleminin həlli, torpaqların geri qaytarılması təkcə Azərbaycanın marağı deyil və bu gün ölkəmizin hərbi qüdrəti işğal altında olan torpaqların qeyd-şərtsiz geri qaytarılmasına zəmin yaradır. Nəinki düşmən tərəf, hətta beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar belə bu uğurlarla hesablaşmaq məcburiyyətindədir və hər biri də, öz növbəsində, dərk edir ki, istənilən halda Azərbaycan əzəli və əbədi torpaqları olan Qarabağı ən qısa zamanda hərbi yolla azad etmək iqtidarındadır. Məhz buna görə də, bu gün Ermənistan dünya arenasında təklənmiş bir duruma düşüb və artıq işğal etdikləri torpaqların qaytarılması üçün təzyiqlərin olacağı labüddür. Çünki heç kimə sirr deyil ki, belə qüdrətli ordusu olan Azərbaycana Ermənistan artıq müqavimət göstərə bilməz.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

İnam İMRANOĞLU

Digər xəbərlər