Siyasət

  • 3 769

Mübariz Qurbanlı: Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biridir

image

Gədəbəydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfransın açılışı olub.

Konfransın birinci hissəsində DQİDK-nın və rayon icra hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfransda Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Gədəbəydə də dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği istiqamətində görülən çoxsaylı işlərdən danışıb. Bildirilib ki, XIX əsrin 30-cu illərindən etibarən Çar Rusiyasının milli ucqarlarda həyata keçirdiyi müstəmləkəçilik siyasətinə uyğun olaraq imperiya ərazisinin ayrı-ayrı vilayətlərindən bir çox etnik və dini qrupların, eləcə də azsaylı xalqların nümayəndələri olan malakanlar, duxaborlar, bapdistlər və başqalarının qədim yurd yerlərimizdən olan Gədəbəyə köçürülməsi başlanıb. Həmin insanlar bu gün adı rayonun Novosaratovka, Novoivanovka, Slavyanka kimi tanınan kəndlərində məskunlaşdırılıblar. Həmçinin XIX əsrin ikinci yarısından başlayaraq rayonda əlvan metallurgiyanın və mədən sənayesinin inkişafı ilə bağlı olaraq çoxsaylı alman iş adamları və onların ailə üzvləri məskunlaşıblar. Nəticədə, qısa zamanda Gədəbəyin dini və etnik mənzərəsində xeyli dəyişiklik yaranıb.
Diqqətə çatdırılıb ki, bu gün İslam Gədəbəy sakinlərinin əsas dini olmaqla yanaşı, rayonda vaxtilə qurulmuş bütün dini məbədlərə və inanc yerlərinə hörmətlə yanaşılır və həmin ibadət yerləri ölkəmizin tolerant mədəniyyətinin, eləcə də tarixi maddi irsimizin dəyərli hissəsi kimi qorunur. Hazırda Gədəbəy rayonunda 6 məscid, 4 müsəlman dini icması və 1 rus icması fəaliyyət göstərir. İnsanların, xüsusən azsaylı etnik və dini qrupların üzvlərinə özlərinin adət-ənənələrini və dini ayinlərinin icrası üçün hər cür şərait yaradılır.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını deyib.
Komitə sədri qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa cəhd göstərirlər. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa indi daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Mübariz Qurbanlı çıxışında istər qeyri-səmavi, istərsə də səmavi dinlərin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, dinlərin daxilindəki məzhəb və təriqət ayrılıqlarını, eləcə də ayrı-ayrı dinlər arasındakı mövcud münasibətləri şərh edib.
İştirakçılara İslam tarixi və coğrafiyası haqqında maraqlı məlumatlar verilib. Eyni zamanda, bu gün İslam aləmində baş verən siyasi proseslər, böyük siyasi-ideoloji və hərbi güc mərkəzləri tərəfindən İslam ölkələrində yaradılmış süni münaqişələr, bu cür hadisələrin İslam dininə mənsub xalqların tarixi irsinə, maddi-mədəni və mənəvi dəyərlərinə, eləcə də müasir inkişafına vurduğu böyük ziyanlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Regional konfrans bu gün işini ikinci panel iclasla davam etdirəcək.

yap.org.az

Digər xəbərlər