Siyasət

  • 2 617

“Azərbaycanda əsl vətəndaş həmrəyliyi mövcuddur”

image

İlham Əliyev: “Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”
Mingəçevirdə yerləşən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan İstilik-Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş verən qəza nəticəsində ölkəmizdə enerji təchizatında ciddi problemlər yaşandı. Respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayandı, stansiyanın avtomatika və idarəetmə sistemi pozuldu.
Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın bəzi rayonlarının elektrik enerjisi təminatında fasilə yarandı. Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan İstilik-Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırıldı. Dövlət Komissiyasının ilk iclasında qəzanın səbəbləri, nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə olundu və bununla əlaqədar müvafiq vəzifələr müəyyən edildi. İlk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə - xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edildi. Qısa zamanda ölkəmiz və paytaxt Bakı şəhəri enerji ilə tam təmin edildi.

“KOMİSSİYA GÜNAHKARLARI MÜƏYYƏN ETMƏLİ, ONLARA QARŞI GÖRÜLƏCƏK TƏDBİRLƏR HAQQINDA TƏKLİFLƏR VERMƏLİDİR”

İyulun 6-da Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Ölkə başçısı məlum Sərəncama əsasən, məsələni araşdırmaq üçün Dövlət Komissiyasının yaradıldığını və komissiya qarşısında bir neçə vəzifə qoyulduğunu diqqətə çatdırıb: “Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.
Prezident İlham Əliyev bütün dövlət orqanlarına verilən ciddi tapşırıqlar nəticəsində vəziyyətlə bağlı vətəndaşlara kömək göstərildiyini diqqətə çatdırıb. Cənab Prezidentin tapşırığı ilə tez bir zamanda asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər həyata keçirildi. “Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza, demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir”, - deyən ölkə başçısı Azərbaycan vətəndaşlarının da bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdiklərini bildirib: “Bütövlükdə, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir... Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.

“HƏM BİRİNCİ, HƏM İKİNCİ DƏFƏ OPERATİV TƏDBİRLƏR NƏTİCƏSİNDƏ ENERJİNİN VERİLMƏSİ BİR NEÇƏ SAAT
ƏRZİNDƏ BƏRPA EDİLDİ”

Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmiş oldular. Nəqliyyat məsələləri tənzimləndi, xətlərə yeni avtobuslar çıxarıldı ki, sərnişinlərin rahat hərəkəti təmin edildi. Metroda 18 sərnişin qatarının 9-nun stansiyalarda, 9-nun isə tunellərdə dayanması, stansiyalarda kritik vəziyyətin baş verməsi vətəndaşlarda çaşqınlıq yaratmadı. Təxliyə işlərinin vaxtında və nizamlı şəkildə həyata keçirilməsi, şəhər nəqliyyatının idarə olunması üçün tədbirlərin görülməsi bütün çətinlikləri tənzimləmiş oldu.
Görülən tədbirlər, ölkənin bütün sahələrinin yenidən öz həyatına, qısa bir zaman məsafəsində qayıtmasına baxmayaraq, Cənab Prezident ancaq iki dəfə baş vermiş qəzanın çox ciddi araşdırılmasını bildirib. Son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu diqqətə çəkən Prezident 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyasının istifadəyə verildiyni qeyd edib. Bu müddət ərizində 30 stansiya tikilib. Hazırda “Şimal-2” elektrik stansiyasınin tikintisi davam edir. 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Azərbaycanın enerji potensialı 6400 meqavata bərabərdir. Onun 2500 meqavatının son 15 il ərzində yaradıldığını bildirən ölkə başçısı ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyalarının - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında olduğunu qeyd edib. Eyni zamanda, bölgələrdə su-elektrik stansiyaları yaradıldığını vurğulayıb: “Yəni bu stansiyaların coğrafiyası, onu göstərir ki, biz çalışırdıq, ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində, bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi”.
Bir stansiyada baş vermiş qəzanın bütün enerji sistemimizə çox böyük zərbə vurduğunu deyən dövlət başçısı çox ciddi araşdırmaların aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini bildirib: “Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.
Cənab Prezident isti havalarla bağlı istehlakın artmasının qəzanın səbəbi ola bilmədiyini, qəzanın səbəblərini komissiyanın araşdıracağını bildirib. Müşavirdə aidiyyəti tərəflərə tapşırıqlarını verən Azərbaycan Prezidenti qısa müddət ərzində həm birinci qəzanın, xüsusilə də, ikinci qəzanın səbəbləri haqqında Ona məruzə edilməsini diqqətə çatdırıb: “Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır”.

“...METRONUN BÜTÜN STANSİYALARINDA GENERATORLAR OLSUN VƏ ENERJİ İLƏ HƏR HANSI BİR PROBLEM
YARANDIQDA, İNSANLAR ƏZİYYƏT ÇƏKMƏSİNLƏR”

Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də nəzər salarkən, Cənab Prezident xəstəxanalarda və metroda buna xususi ilə diqqət yetirilməsinin vacibliyini bildirib. Bəzi xəstəxanalarda generatorların işləmədiyini bildirərək ciddi təftiş aparmağı, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olmaları haqqında həm komissiyaya, həm də Azərbaycan Prezidentinə məruzə etməyi tapşırıb: “O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da, çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda, insanlar əziyyət çəkməsinlər”.
Cənab Prezident tapşırıqlarını verərkən, hazırlanacaq tədbirlər planına müşavirədə səsləndirilən fikirlərin salınmasını vurğulamaqla yanaşı, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlilinin aparılmasını və təkliflər verilməsini də bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər