Siyasət

  • 4 882

Vüqar Rəhimzadə: "Xalqımız öz Liderinə inanır və həyata keçirilən uğurlu siyasəti dəstəkləyir"

image

“Artıq 2018-ci ilin 6 ayı geridə qalıb. Ötən dövrə nəzər yetirdikdə Azərbaycanın son illərdə əldə etdiyi dinamik inkişafın ötən 6 ayda da davam etdirildiyinin şahidi oluruq. Bunu görülən işlər, həyata keçirilən uğurlu islahatlar, eyni zamanda, statistik rəqəmlər də təsdiq edir. İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb. Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri–neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bununla yanaşı, bitkiçilik 14 faizdən çox artıb, 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata isə 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləridir: “Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Sözsüz ki, bu amil seçki sistemində də özünü büruzə verir. Təsadüfi deyil ki, artıq uzun illərdir, ölkəmizdə ədalətli, demokratik və şəffaf şəkildə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eyni zamanda, referendumlar beynəlxalq standartlara cavab verir və dünya birliyi tərəfindən təqdir edilir. Hətta ölkəmizin bu sahədəki təcrübəsi nümunə kimi göstərilir. Bu mənada 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda əldə olunan növbəti uğur kimi qiymətləndirmək lazımdır. Bütün beynəlxalq standartlara, norma və prinsiplərə, seçki qanunvericiliyinə uyğun keçirilən prezident seçkiləri cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etibar edərək, etimad göstərərək Onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla insanlar Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldular. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir. “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq” deyən möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı nitqində antimilli ünsürlərə, ölkəmizin uğurlarını gözü götürməyən dairələrə də lazım olan mesajları verib. Bildirib ki, Azərbaycanın inkişafına, gələcəyinə qarşı olan bütün çirkin niyyətlər və əməllər iflasa məhkumdur. Dövlətimizin başçısının “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir” fikirləri isə bu cür qərəzli dairələrə veriləcək ən tutarlı cavabdır”.YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti iclasda çıxış zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib: “Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda problemin sülh yolu ilə həlli variantına üstünlük verir. Baxmayaraq ki, beynəlxalq hüququn əsas prinsiplərinə görə ölkələrin, xalqların öz müqəddəratlarını təyin etmək, ərazi bütövlüyünü təmin etmək hüquqları var. Ancaq göründüyü kimi, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən, dolayısı ilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırır. Buna görə də zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı önə çəkilir. Bunun üçün Azərbaycanın güclü potensialı, ordusu var. Elə 2016-cı ilin Aprel döyüşləri, bu ilin Günnüt zəfəri göstərdi ki, güclü Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. “…Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi” deyən cənab Prezidentimiz iclasdakı nitqində bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb, həmin qətnamələrin qüvvədə olduğunu və icrasının vacibliyini bəyan edib”.“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu ilin ən önəmli hadisələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu: “Qeyd etdiyimiz bu mühüm hadisələr regional müstəvidən çıxaraq qlobal xarakter daşımağa başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin məhsulu olan bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə icra edilən, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” və onun əsas seqmenti olan TANAP bütün dünyanın diqqət mərkəzindədir. Bu layihələrin tam şəkildə işə düşməsi nəticəsində nəinki Azərbaycan və Türkiyə, qonşu ölkələr, eyni zamanda, Avropa dövlətləri qazanc əldə edəcəklər. Bir sözlə, Azərbaycanın müəllifi olduğu layihələr hər zaman olduğu kimi, yenə də regiona və dünyaya, inkişaf, sülh və sabitlik vəd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı qeyd edib ki, həm “Cənub Qaz Dəhlizi”nin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir”.Vüqar Rəhimzadə onu da bildirib ki, dövlətimizin başçısı iclasdakı çıxışı zamanı sosial siyasət sahəsində qarşıda duran vəziflələr, həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb: “Bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Möhtərəm Prezidentimiz də bütün çıxışlarında bunu bəyan edir. Ona görə də bu gün ölkəmizdə mühüm sosial islahatlar həyata keçirilir. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı bildirib ki, aprel ayında formalaşmış yeni hökumətin qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu xoşagəlməz hallara tamamilə son qoyulmalıdır”.

sia.az

Digər xəbərlər