Çingiz Qənizadə: “Bu cür ünsürlər Azərbaycandakı stabilliyi heç cür poza bilməzlər"

“Ümumiyyətlə Gəncədə baş verən hadisələr heç də təsadüf və yaxud sosial problemlərlə bağlı deyildi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, bu qabaqcadan xaricdə ssenarisi cızılmış özümüzdən olan bir qrup ünsürlər vasitəsilə həyata keçirilməyə cəhd olunan iğtişaşdır: “Burada da məqsəd Azərbaycan dövlətinin suverenliyini, Azərbaycan dövlətinin özünün varlığına yönələn bir qəsddir. Eyni zamanda ölkədə ictimai-siyasi prosesləri pozmaqla ölkədə siyasi hakimiyyətin dəyişməsinə və islam təmayüllü insanların hakimiyyətə gəlməsinə xidmət edən bir təxribat idi. Çox təəssüf edirəm ki, bu zaman bizim iki polis zabitimiz şəhid oldu. Allah onlara rəhmət eləsin. Bütün bunlarla nəylə qaynaqlanır? Azərbaycanın bugünkü inkişafı, qüdrəti və xüsusilə qeyd edərdim ki, 26 iyunda Azərbaycan ordusunun gücünü göstərən Hərbi Parad və s. Azərbaycanın dünyada söz sahibi olması qonşularımızı, ayrı-ayrı ünsürləri, şəxsləri qane etmir.Prezident İlham Əliyevin də müstəqil siyasət yürütməsi, milli və dövlət maraqlarına xidmət edən siyasətdən bir addım da kənara çəkilməməsi görünür başqalarını qane etmir. Ona görə də bu ölkədə ictimai-siyasi prosesləri pozmaqla ölkədə gedən inkişafa, Azərbaycanın uğurlu gələcəyinə gedən yola əngəllər törətmək istəyirlər. Şbühəsiz ki, bunların hamısı əbəs yerədir. Çünki 11 aprel Prezident seçkiləri bir daha göstərdi ki, xalq Prezidentin yanındadır. Xalqla-hakimiyyət arasında o qədər möhkəm bağlılıq var ki, bu cür ünsürlər, yaramazlar Azərbaycandakı stabilliyi heç cür poza bilməzlər. Bu bir xain hərəkət idi. Hesab edirəm ki, hüquq-mühafizə orqanları onların layiqli cəzalarını verəcək”

sia.az