Asim Mollazadə: “Gəncədəki hadisələr dövlətçiliyə qarşı cinayətlərdir”

“Gəncədə baş verən hadisələr çox üzücü və dövlətçiliyə qarşı olan ciddi cinayətlərdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, bu kimi cinayətlərin qarşısı vaxtında alınmalıdır: “Həmin hadisələrin bir daha təkrar olunmaması üçün böyük iş aparılmalıdır. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Gəncədə baş verən hadisələr çox ağır bir cinayətdir. Bu cinayətləri araşdırmaq üçün isə Azərbaycanın hüquq-mühafizə orqanları ciddi rejimdə işləməlidirlər. Bu cinayətlərin səbəbləri və arxasında dayanan məsələlər ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə də ictimaiyyətə düzgün və doğru məlumatlar verilməlidir”.Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki igid polisimiz Vətən uğrunda şəhid olub.

sia.az