Siyasət

  • 4 096

Azərbaycanın Şimal Alyansı ilə əlaqələri inkişaf edir

image

Brüsseldə keçirilən görüş də bunu bir daha təsdiqlədi

Məlum olduğu kimi, iyulun 11-də Brüsseldə NATO-nun müttəfiq və tərəfdaş ölkələrinin dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib. Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirdilər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd etdilər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini parafladılar. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

Azərbaycan-NATO əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir

Keçirilən görüş bir daha göstərir ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, 1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu, o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Öz növbəsində, NATO rəsmiləri münaqişə ocaqlarının söndürülməsində qlobal planda sülh və sabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirirlər.

Bütövlükdə, Azərbaycan NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də, praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir.

Beləliklə, Prezident İlham Əliyevin Brüsselə səfəri göstərdi ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Eyni zamanda, bir daha təsdiq olundu ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər