Politoloq: “Kremlin Ermənistana iki yeni sualı var” MÖVQE

“Rusiya yenə narahatdır. Kreml Ermənistanın yeni siyasəti ilə bağlı iki əsas sualı gündəmə gətirir. Birinci sual: Ermənistan Rusiyanın strateji müttəfiqi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu halda necə olur ki, düşmən NATO-nun Gürcüstandakı təlimlərində iştirak edir? İkinci sual: Ermənistan və Azərbaycan bir-birləriylə müharibə şəraitində olduqları halda necə olur ki, NATO-nun birgə təlimlərində iştirak edə bilirlər? Məntiqi suallardır”. SİA-nın verdiyi məlumata görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, ancaq hər iki suala məntiqi cavab da var: “Birinci suala cavab belədir ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki tək Rusiyanı müttəfiq adlandırsa da, Qərbə də arxa çevirmək istəmir, tam əksinə, Qərbin müxtəlif institutları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ermənistanın NATO təlimlərində iştirakı bu siyasətin tərkib hissəsidir. Bir də ki, Paşinyanın devirdiyi və Rusiyaya daha yaxın olan Serj Sərkisyan da ötən il Ermənistanın Gürcüstanda eyni adlı NATO təlimlərində iştirakına qərar vermişdi. O belə bir qərar veribsə, Nikol Paşinyan niyə NATO təlimlərindən imtina etməli idi?İkinci sualın cavabı isə budur ki, Ermənistan NATO təlimlərində iştirak etdiyi halda Azərbaycanın bu təlimlərdən kənarda qalması məntiqi olmaz. Ötən il qatılmamışdıq. Bunun səhv olduğunu ötən il yazmışdım. Bu dəfə doğru qərar verdik. Biz Rusiyadan Ermənistan qədər asılı deyilik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik ki, Moskva İrəvan kimi Bakıya da açıq irad tuta bilsin. O ki qaldı, erməni və azərbaycanlı hərbçilərin təlimlərdə birgə iştirakına, bu həqiqətən suallar doğursa da, NATO rəhbərliyi də işini bilir, vacib deyil ki, bir-biri ilə müharibə şəraitində olan ölkənin hərbçiləri eyni hərbi planlamada yer alsınlar, hər halda aralarında məsafə saxlanılır.Ermənistanın NATO təlimlərində iştirakı Azərbaycanın xeyrinədir. Çünki bu birincisi, Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının NATO-dan geri qaldığını göstərir və ikincisi, Rusiyanın Ermənistana inamını azaldır. Digər tərəfdən, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu da unutmamaq lazımdır”.

sia.az