Siyasət

  • 4 866

Azərbaycan xalqı daim ölkə başçısının qayığısını öz üzərində hiss edir

image

Prezident İlham Əliyev: “Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Məlum olduğu kimi, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub və həmin mərasimdə Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.

Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verilib ki, onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. Bu isə növbəti dəfə sübut edir ki, ölkə başçımız sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Məhz Onun bilavasitə tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Belə ki, əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır.

“Hələ də mənzillə təmin olunmayan şəhid ailələri və müharibə əlilləri mütləq mənzillər

alacaqlar”

Bu arada digər bir əhəmiyyətli faktoru da vurğulamaq lazımdır ki, dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz mühüm töhfələrini verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

Avqustun 1-də keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, eləcə də, altı mindən çox minik maşını verilib. “Yəni bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir”-deyə qeyd edən ölkə başçısı, eyni zamanda, vurğulayıb ki, reallaşdırılan bu proqram tezliklə başa çatdırılmalıdır. SİTAT: “Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”.

“Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq”

Daha bir mühüm amil sözügedən kateqoriyadan olan insanların məşğulluq problemlərinin həll edilməsi, eyni zamanda, onların şəxsi biznes qurmaları üçün yaradılacaq şəraitdir. Bu baxımdan, “dövlət öz siyasətini aparır”-deyə qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bu kateqoriyadan olan insanların məşğulluq problemləri də həll olunur: “Bildiyiniz kimi, biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq”.

“Sosial siyasət

Azərbaycanda prioritet məsələlərdən biridir”

Beləliklə, həm də belə qənaətə gəlmək olar ki, dövlətimizin sosial siyasəti uğurla aparılır. Ortada olan mövcud reallıq da bunu ehtiva etməkdədir. Misal üçün, dövlət başçımızın da qeyd etdiyi kimi, eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız da bu qayğını öz üzərlərində hiss etməkdədr. Belə ki, statistik rəqəmlər də belə deməyə əsas verməkdədir. Misal üçün son illərdə 100-ə yaxın qəsəbə salınıb, üç yüz minə yaxın köçkün evlərlə və mənzillərlə təmin edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu siyasət davam etdirilir: “Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni biz ancaq bu layihələri nəzərə alsaq, görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir. Bu siyasət davam etdiriləcək. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir”.

“Bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir”

Söz yox ki, bu kimi proqram və layihələrin gerçəkləşdirilməsi arxasında dayanan növbəti reallıq Azərbaycanın iqtisadi potensialının daim yüksək səviyyədə olmasıdır. Daha dəqiq desək, görülən hər bir iş daxili hesablarla görülür. Bu baxımdan, dövlət başçımız qeyd edib ki, nəticələr hər il olduğu kimi, bu il də yaxşı olacaq: “O ki qaldı, bizim iqtisadi potensialımıza, - çünki bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

Beləliklə, fakt budur ki, Prezident İlham Əliyev öz uğurlu siyasəti ilə daim xalqının yanındadır və söz yox ki, Azərbaycan xalqı da bundan sonra öz dövlət başçısının yanında daha sıx birləşəcək. Görülən işlərin məntiqi nəticələri də, məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər