Siyasi şərhçi: “Ermənistanda baş verənlər bizim üçün faydalı olacaq" ÖZƏL-ŞƏRH

“Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsindən sonra Ermənistanda vəziyyət daha da gərginləşməyə başlayıb. Xüsusilə, baş nazir Nikol Paşinyanın göstərişləri əsasında Qarabağ klanı üzərində başladılan siyasi təqiblər köhnə sistemi radikal hərəkətlərə keçməyə vadar edir. Ermənistanda uzun illər ərzində hərbi cinayətkar xunta hakimiyyət başında olub. Azərbaycan dövləti, Azərbaycan Prezidenti şəxsən özü də dəfələrlə öz çıxışlarında bu məsələni qeyd edir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.“Azərbaycan Prezidenti cənab İlham Əliyev deyirdi ki, hərbi cinayətkar xunta sadəcə olaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaqla ölkəmizə zərər vermir, eyni zamanda erməni xalqının özünü də bədbəxt edir. Biz bu fikri Azərbaycan tərəfi olaraq səsləndirəndə bir çox beynəlxalq təşkilatlar və yaxud da onların havadarları üzərimizə gəlirdilər və deyirdilər ki, siz düz demirsiniz. Amma bu gün Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətinin uzun illər ərzində dediklərini təsdiqləməklə məşğuldur. Yəni Sarkisyanın, Köçaryanın dəstəsinə qarşı və təbii ki, özünə qarşı addımlar atmağa başlayıb. Eynən Azərbaycanın dediyi kimi onların cinayətkar olduqlarını artıq Ermənistanda və dünyada sübut etməklə məşğuldur”-deyə, A.Həsrət bildirib.Onun sözlərinə görə, hadisələrin bu cür inkişaf etməsi əlbəttə ki, Azərbaycanın uzun illər ərzində doğru siyasət yürütdüyünü bir daha təsdiqləyir: “Azərbaycan Prezidentinin dəyərləndirmələrinin nə qədər haqlı olduğunu bir daha təsdiqləyir. Düşünürəm ki, ölkə başçısının bu cür fikirlərinə hər zaman hər kəs çox diqqətlə yanaşmalıdır. Yəni ölkə rəhbəri sadəcə olaraq söz xatirinə söz demir və nə dediyini yaxşı bilir. Təbii ki, zaman da onun bu mesajlarını təsdiqləmiş olur. Ermənistanda baş verənlər hər halda bizim üçün faydalı olacaq. Düşünürəm ki, Azərbaycan ümumilikdə Ermənistanda baş verən hadisələrlə bağlı çox diqqətli olmalıdır”.

sia.az