“Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevriləcək" ÖZƏL-MÜNASİBƏT

“Xəzərin hüquqi statusu haqqında imzalanan konvensiya cənab Prezdentin qeyd etdiyi kimi tarixi sənəddir. Çünki, 25 ildən artıq bir müddət idi ki, Xəzəryanı 5 ölkə xəzər dənizi ilə bağlı ümumi razılığa gələ bilmirdilər. Qeyd etdiyimiz konvensiyanın imzalanması xəzər dənizindən istifadə olunmasında bir konstitusiyanın qüvvəyə minməsi deməkdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, bundan sonra Xəzəryanı bütün dövlətlərin xəzərdə maraqları konvensiya ilə qorunacaq: “Konvensiyanın təsdiq olunması Xəzərin hüquqi statusunun öz həllini tapmış olmasıdır. Konvensiya Xəzəryanı ölkələrin bir-birinə ərazi iddiası kimi məsələyə son qoyur. Həm də Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri konvensiyada öz əksini tapıb. Konvensiyanın imzalanması xəzər dənizindən istifadə olunmasında Xəzəryanı ölkələrin qarşılaşdığı problemələrin həll olunması deməkdir. Xəzəryanı ölkələr bundan sonra xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər. Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiya Azərbaycanın maraqlarına tam uyğundur”.Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

sia.az