Siyasət

  • 3 783

Azərbaycanın reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyasına çevirir

image

İlham Əliyev: “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”

Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısı keçirilib və bu mötəbər tədbirdə Xəzər dənizinin hüquqi statusuna dair, sözün əsl mənasında, tarixi Konvensiya imzalanıb. Belə ki, uzun illər aparılan danışıqların və müzakirələrin uğurlu nəticəsi olaraq, Zirvə Toplantısının yekununda beş ölkənin dövlət başçıları - İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər. Qeyd edək ki, prezidentlər mətbuat üçün bəyanatlarında müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri vurğulayıblar.

Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi

Yeri gəlmişkən, Xəzər Konvensiyasının imzalanması prosedurunun əsas özəlliklərindən biri də avqustun 12-nə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb və bu amil artıq iki tarixi bir-biri ilə bağlamış olur. Beləliklə, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə Konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı, çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb. Halbuki Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağalı razılaşma əldə edilməsinə imkan vermirdi. Eyni zamanda, sözügedən sənəd üzərində iş 1996-cı ildən aparılıb və 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb, eləcə də, tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar.

Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir

Xatırladaq ki, Konvensiya layihəsi, yekun olaraq, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Həmçinin, bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olaraq qiymətləndirilə bilər. Belə ki, Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. O cümlədən, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir.

Misal üçün, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara öz faydalarını verəcəkdir. Əbəs deyil ki, “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdirilib.

Ekspertlər nə deyirdi?

Hələ Konvensiyanın imzalanmasına sayılacaq günlər və saatlar qalmış, bir sıra xarici ekspertlər də öz qiymətləndirmələrini aparır və proqnozlarını veriblər.

Məsələn, ekspertlər tərəfindən qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir.

BMT-nin qlobal energetika məsələləri üzrə baş ekspert Toğrul Bağırov bu görüşü tarixi hadisə kimi qiymətləndirib: “Bu görüş Xəzəryanı ölkələr, həmçinin, Azərbaycan üçün də əlamətdar hadisədir. Uzun müddətdir müzakirə olunan bu sənəd - Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiya imzalandıqdan sonra bir çox layihələr reallaşa biləcək. Fikrimcə, bundan sonra genişmiqyaslı və məhsuldar bir əməkdaşlığa start veriləcək”.

Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin isə “Kommersant” qəzetinə müsahibəsində deyib ki, Konvensiyaya görə Xəzər nə dəniz, nə də göl kimi qəbul olunacaq. Xəzərin xüsusi hüquqi statusu olacaq. Buna səbəb Xəzərin spesifik coğrafi, hidroloji və digər xüsusiyyətlərlə malik olmasıdır.

Eləcə də, Konvensiyanın imzalanması bir sıra layihələrin icrasına təkan verir. Çünki Konvensiyada kəmərlərin çəkilməsinin mümkünlüyünə dair bənd var. Yəni. burda söhbət qaz, neft və digər kəmərlərdən gedir. Amma bu yalnız və yalnız ətraf mühitin qorunması üçün bütün tədbirlərin görülməsi şəraitində mümkündür. Bu baxımdan, Konvensiyanın imzalanmasını haradasa Transxəzər neft və qaz kəmərlərinin tikintisi ilə bağlı ciddi danışıqların başlanması kimi də qiymətləndirmək olar.

Rusiyalı politoloq Pavel Klaçkova görə isə, V Sammit sanki uzun illər görülən işlərin yekunudur. Yeni konsepsiya bütün regionun təhlükəsiz və stabil qaydada inkişafını təmin etməlidir: “Məsələn, Xəzərin dibi ilə kəmər borularının çəkilməsi kimi mürəkkəb bir məsələ var. Burada bütün ekoloji standartlar nəzərə alınmalıdır. Təhlükə yaratmaq, dənizi çirkləndirmək olmaz. Ona görə də, Xəzər dənizinin hüququ statusunun tənzimlənməsi bu hövzənin nəqliyyat potensialının inkişafına da impuls vermiş olacaq”.

Beləliklə, bütün bunlardan, həm də belə nəticəyə gəlmək olar ki, bütün ölkələr, xüsusən, Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.

Bu dəfə də bədxah qüvvələrin arzuları ürəklərində qaldı və onlar qarşılarında, məhz Azərbaycanın qüdrətini gördülər

Azərbaycan hüquqi statusla bağlı danışıqlar, getdiyi bütün dövr ərzində, beynəlxalq hüquqa və qaşlıqlı etimada söykənən milli mənafelərini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək, Azərbaycanın milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.

Digər bir məqam isə, müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən, Konvensiyanın imzalanması ərəfəsində, xaricdəki anti-Azərbaycan qüvvələrin və erməni lobbisinə yaxın dairələrin, həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər 5-liyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışaraq, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Lakin bu dəfə də bədxah qüvvələrin arzuları ürəklərində qaldı və onlar qarşılarında, məhz Azərbaycanın qüdrətini gördülər. Daha dəqiq desək, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin , xüsusən, Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu kimi əhəmiyyətli Konvensiyanın imzalanması yolunda baryerlərin aşılmasına imkan verdi.

Tarixi Konvensiynın imzalanması istər Azərbaycan üçün, istərsə də digər dörd ölkə üçün yeni perspektivlər açır

Bu arada, V Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyevin də bir sıra mühüm fikirləri bu tarixi hadisənin əhəmiyyətini ortaya qoymuş oldu. Dövlətimizin başçısı Sammitdə vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”-deyə qeyd edən dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Xəzər həmçinin sabitliyin qarantı olaraq da qiymətləndirilir: “Xəzər təhlükəsizlik, sabitlik dənizidir, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Yuxarıda da vurğulandığı kimi, Konvensiya beş ölkənin xalqlarının da həyatlarına yeni çalarlar, həmçinin, iqtisadi uğurlar gətirəcək. Cənab İlham Əliyev vurğulayıb: “İmzalanmış Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

Digər tərəfdən, ölkə rəhbərimiz, xüsusilə, Xəzərin çirklənməsinin qarşısının alınması, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından da Konvensiyanın öz töhfələrini verəcəyini bildirib: “Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir, görülən tədbirlər, xüsusən, neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin”.

Beləliklə, qeyd etmək mümkündür ki, bu məsələdə Azərbaycanın xüsusi yeri və rolu mövcuddur və Prezident İlham Əliyev bu mənada, vurğulayıb ki, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir: “Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb , Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.

Dövlətimizin başçısı daha bir məqama da toxunaraq bildirib ki, məhz Şimal-Cənub Dəhlizi sayəsində ölkələr arasında iqtisadi əməkdaşlıq güclənib və öz münbit səmərələrini verməkdədir. Buna misal kimi, dəhliz vasitəsilə İranla Rusiya arasında olan yükdaşımaları göstərmək olar: “İranla Rusiya arasında Şimal-Cənub Dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik”.

Nəticə etibarilə, deyə bilərik ki, bu tarixi Konvensiynaın imzalanması istər Azərbaycan üçün, istərsə də digər dörd ölkə üçün yeni perspektivlər açır. Lakin ən əsası isə budur ki, Zirvə Toplantısı və imzalanmış tarixi sənəd bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə söykənir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər