Eldar İbrahimov: "Konvensiya beynəlxalq yükdaşımalarda ölkələrin payını artıracaq" AÇIQLAMA

“Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiya tarixi anlaşmadır və Xəzər regionunda əməkdaşlığın inkişafına, eləcə də sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu Konvensiyanın imzalanmasında Azərbaycanın da rolu danılmazdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Komitə sədri bildirib ki, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı: “Çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı. Azərbaycan sözügedən məsələ ilə bağlı danışıqların aparıldığı müddətdə Xəzərin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli bölgüsünü təklif edib. Aktau Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətə çatdırdı ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.E.İbrahimovun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir: “Yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarında Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq. Belə ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir ”.Azərbaycanın Xəzərin ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilməsi istiqamətində mümkün olan hər şeyi etdiyini deyən deputat əlavə edib ki, ölkəmiz regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə də öz dəyərli töhfəsini verməkdədir.

sia.az