“Müxalifət indi də İlqar Məmmədovu çıxdaş etmək üçün addımlar atacaqlar” MÜNASİBƏT

“REAL” partiyasının sədri İlqar Məmmədovun həbsdən çıxması onun özünün də təmsil olunduğu radikal müxalifət düşərgəsində müəyyən mənada diskomfort yaradıb. Belə ki, onun azadlıqda olmasını qarşılarına çıxmış baryer olaraq qiymətləndirən radikal düşərgə “liderləri” sözdə başqa cür desələr də, əməldə ciddi təlaş keçirməyə başlayıblar. Məsələ ilə bağlı SİA-ya açıqlama verən “Yurddaş” partiyasının sədri Mais Səfərliyə görə, doğurdan da müxalifət düşərgəsində belə bir narahatlıq var.“İlqar Məmmədov daim Qərbin müəyyən dairələrinin diqqət mərkəzində olub”, deyə qeyd edən partiya sədri bildirib ki, xaricdə Azərbaycanı istəməyən, hər zaman Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr olub, indi də mövcuddur: “Məhz həmin qüvvələr də İlqar Məmmədova diqqət yetiriblər. Burada məqsəd ondan ibarətdir ki, guya onun simasında Azərbaycanda insan haqlarının pozulmasını dilə gətirirlər. Əslində isə bu absurd bir məsələdir. Çünki hər kəs çox gözəl bilir ki, İlqar Məmmədov konkret əməllərinə və qanun pozuntularına görə, həbs olunub. İstintaqda da bu barədə konkret araşdırmalar aparıb vəbütün bunlar sübuta yetirilib”.Mais Səfərli onu da qeyd edib ki, bu gün radikal müxalifət düşərgəsində böyük süstlük var: “Sadəcə olaraq, onların gözləri Qərbdə olan dairələrdədir ki, həmin xarici qüvvələr bunlara nə isə bir tapşırıq versinlər. O da sirr deyil ki, radikal müxalifət düşərgəsinin “liderləri” bu gün özlərini xaricdə olan qüvvələrə reklam etmək üçün hər cür əmələ əl atırlar. Ümumiyyətlə, hər kəs çox gözəl bilir ki, sözügedən düşərgəni təmsil edən qüvvələr bütövlükdə heç bir gücə malik deyillər. Yəni Azərbaycanda heç bir siyasi proseslərə təsir edə biləcək müxalif fikirli liderlər və qüvvələr yoxdur. Bu günə qədər də ölkəmizlə bağlı məkrli planları heç vaxt həyata keçməyib və keçməyəcəkdir. Çünki belə bir ambisioz, şəxsi mənafelərinə xidmət göstərən müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”.Partiya sədri sonda onu da qeyd edib ki, radikal müxalifət düşərgəsində heç vaxt səmimi, mehriban münasibətlər olmayıb: “Onlar bir-biri ilə mehriban düşmən olublar və bir-birlərinin səmərəsi üçün heç bir addıma getməyiblər. Radikal müxalifətin bu cür vəziyyətə gəlib çıxması və siyasi arenada bu qədər cılızlaşmalarına səbəblərdən biri də məhz müxalifət düşərgəsində partiya sədrləri arasında olan birincilik uğurunda olan savaşdır. Bu tipli partiya sədrləri öz düşərgələrində birincilik olmaq uğurunda biri digərini sıradan çıxarmaq üçün hər cür əmələ əl atırlar. Yəqin ki, indi də onlar “REAL” partiyasının sədri İlqar Məmmədovu çıxdaş etmək üçün bənzər addımlara gedəcəklər”.

sia.az