Siyasət

  • 3 628

Xəzər Konvensiyası regiona sülh və əməkdaşlıq gətirəcək

image

İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir

Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının beşinci Zirvə Toplantısında Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması mərasimi olub. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Konvesiyanın iqtisadi-ticarət səmərəliliyi ilə yanaşı, geosiyasi əhəmiyyəti də ekspertlər və siyasi analitiklər tərəfindən olduqca yüksək qiymətləndirilir. İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Bunu mərasimdə Konvensiya ilə bərabər imzalanan digər əməkdaşlıq sazişləri və protokolları da sübut edir. Belə ki, Xəzəryanı dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərləri tərəfindən Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb. Bütün bunlar beş sahil dövləti arsında bundan sonrakı dövrdə əməkdaşlığın daha sıx və yüksək səviyyədə olacağını söyləməyə əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə Toplantısındakı çıxışında Konvensiyanın regional əməkdaşlığa və təhlükəsizliyə böyük töhfələr verəcəyini vurğulayıb. Prezident qeyd edib ki, qəbul edilən qərarlar və imzalanan sənədlər Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə böyük fayda verəcək. Azərbaycanın dövlət başçısı mətbuat üçün verdiyi bəyanatda imzalanan Konvensiyanı tarixi sənəd adlandırıb: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib... Konvensiya imzalanana qədər də, bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi, Xəzər təhlükəsizlik, sabitlik dənizi, Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Prezident İlham Əliyev imzalanan Konvensiyanın iştirakçı ölkələr üçün yaxşı perspektiv vəd etdiyini vurğulayaraq, bildirib ki, biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir: “Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim”.

Ümumiyyətlə, sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. Burada üç əsas məsələ öz həllini tapdı: su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri.

Xatırladaq ki, Konvensiya, ümumilikdə, 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi-tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın digər əhəmiyyətli tərəflərindən biri də Azərbaycanın bölgə və Avropa üçün enerji təminatında və təhlükəsizliyində rolunun daha da artmasıdır. Belə ki, bundan sonra Azərbaycanın Qazaxıstan və Türkmənistanla enerji sektorunda Xəzər üzərindən əməkdaşlığı müstəvisində daha geniş imkanlar yaranır. Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlində maneəsiz hüquqi baza formalaşır.

Beləliklə, Konvensiya Xəzər regionunda sabitliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolunu gücləndirirərək, iqtisadi qüdrətini daha da artıracaq. Siyasi analitiklər Konvensiyanın hazırlanması və qəbul edilməsində Azərbaycanın nüfuzunu və imkanlarını ayrıca qeyd edirlər. Xəzərin statusu haqqında imzalanan Konvensiya ilk baxışda göründüyündən daha böyük miqyasa malikdir və Azərbaycanın regiondakı nüfuzunu, siyasi çəkisini böyük miqyasda artırmağa ciddi stimul verəcəkdir.

“Səs” Analitik Qrupu

Digər xəbərlər