Mübariz Əhmədoğlu: "ABŞ-Ermənistan münasibətində 3 istiqamət daha aktualdır" MÖVQE

"ABŞ-ın Ermənistandakı səfiri R.Millz Ermənistana ABŞ-ın yeni investisiyalarından hətta danışmağın yersiz olduğunu bildirib. Səfir Millz Paşinyanın baş nazirliyinin ilk ayında ABŞ-dan Ermənistana investisiya cəlb etməklə məşğul idi. R.Millz bəyan etmişdi ki, indi Ermənistana ABŞ-dan investisiyaların gələcəyinə daha çox ümid edir. Prezident Sərkisyanın da qatıldığı böyük nümayəndə heyəti ilə o, ABŞ-a səfər etdi. Səfərdən də qayıtdıqdan sonra o yeni investisiyalar barədə optimist danışdı. Amma iyul ayının ikinci yarısında səfir R.Millz ABŞ-dan Ermənistana yeni investisiyalar gəlməsi mövzusunda çox pessimistdir". SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib ki, bunun 3 səbəbi ola bilər:"Birincisi, Paşinyan aşkar rusiyapərəst siyasət aparmaqla Ermənistanın xarici siyasətindəki balansı pozub. Rusiya isə Ermənistana qarşı inamsızlığını daha yeni elementlərlə nümayiş etdirir. Paşinyanın rəhbərlik etdiyi Ermənistanla RF arasında mübahisə yaradan məsələlərin də kəsəri artıb. RF hərbi bazasının statusuna yenidən baxılması məsələsi gündəlikdədir. Paşinyanın səriştəsizliyi Ermənistan üçün təhlükə mənbəyinə çevrilir.İkincisi, ölkədaxili proseslər ABŞ-ı narahat edə bilər. Paşinyanın korrupsiyaya qarşı mübarizəsi siyasi rəngə boyanıb. Eləcə də korrupsiya yoxlamalarına məruz qalmış sahələrdə proseslər neqativ istiqamətdə irəliləyir. Tutaq ki, ticarət şəbəkələrindəki yoxlamalardan sonra qiymətlər ucuzlaşmaq əvəzinə, bahalaşır.Üçüncüsü, Paşinyan kəskin dərəcədə qısqanclıq, bəlkə də qorxaqlıq nümayiş etdirir. Keçmiş hakim “Respublika” bir yana Paşinyan indi hakimiyyət ortağı olan “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyaları ilə də yola gedə bilmir. Qagik Çarukyanla siyasi mübarizə hər an partlayışa çevrilə bilər. Paşinyanın keçmiş blok yoldaşları ilə də problemi var. Rəsmi Vaşinqtonun fikrincə, Ermənistanın daxilindəki bütün bu siyasi qeyri-müəyyənlikləri parlament seçkiləri həll edə bilər".Politoloq bildirib ki, Paşinyanın Trampla görüşü onun komandası üçün ən vacib məsələdir: "Paşinyanın sentyabrda BMT BA-da iştirakı zamanı ABŞ prezidenti Trampla görüşmək niyyətindədir. Baş nazirin 1-ci müavini Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə olub. Öndə olan məsələ Trampla Paşinyanın görüşünün hazırlanması idi. Amerikalı kolumnist A.Qalstyan A.Mirzoyanın ABŞ-dakı davranışının əks-effektli olduğunu bildirib.Ermənistanın ABŞ-dakı səfiri Q.Ovannisyan N.Paşinyanın D.Trampla görüşünü ABŞ Dövlət Departamentindəki tərəfdarları ilə müzakirə etdiyini bildirdi. ABŞ-ın Ermənistandakı səfiri R.Millz də D.Trampla N.Paşinyanın görüşünün təşkilinin mümkünlüyü məsələsinə baxıldığını bildirdi. Amma hələlik görüşlə bağlı heç bir qərar qəbul edilmədiyini də bildirdi. 48 ABŞ konqresmeni D.Trampa məktub göndərərək Ermənistanın baş naziri N.Paşinyanla görüşməyə çağırış etdilər".M.Əhmədoğlu qeyd edib ki, ABŞ konqresmenləri N.Paşinyan baş nazir olduqdan sonra Ermənistanla əlaqəli müraciətlərinin sayını artırıblar: "Dövlət Departamentinə, Ağ Evə və “Minilliyin Çağırışı” Proqramına Ermənistana investisiya qoymaq çağırışı ilə müraciətlər göndərilir. Motivasiya Ermənistanın demokratik olmasıdır. Bəlkə də bu hakimiyyət dəyişikliyinin yaratdığı effektdir. Amma konqresmenlər Paşinyanı demokrat adlandırmaqla ondan əvvəlki Ermənistanın antidemokratik olduğunu etiraf edirlər.ABŞ-dakı ermənilərlə əlaqəli konqresmenlər və strukturların fəaliyyətində Ermənistana investisiya məsələsi ön plana çıxarılıb. “Erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsinə diqqət minimaldadır.ABŞ Dövlət Katibinin Ermənistan prezidenti ilə görüşməsi və baş nazir Paşinyanla görüşməməsi səfir Millz üçün aktual olaraq qalmışdı. Paşinyanın komandası bu məsələdən əl çəkmək istəmir.Ermənistanın ABŞ-dakı səfiri Qriqor Ovannisyan şəxsi xarici investisiyalar korporasiyasının icraçı direktoru Devid Boxiqyanla görüşüb, Ermənistana ABŞ investorlarının göndərilməsi məsələsini müzakirə etdi. Adı çəkilən korporasiya ABŞ hökumətinin nəzdində olan agentlikdir. Devid Boxiqyan böyük nümayəndə heyəti ilə Ermənistana gəldi.ABŞ Dövlət Departamenti R.Köçəryanın həbsinə dərhal reaksiya verdi və bu məsələni ciddi diqqətdə saxlayır".

sia.az