Siyasət

  • 9 761

Aqrar sahədə perspektivli islahatlar davam edir

image

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi sərəncamlar və görülən işlər əldə olunan nailiyyətləri sübut edir

Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi, bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu gün dünyanın qlobal ərzaq problemi ilə üz-üzə qaldığı vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində strateji istiqamət elan olunub. Məhsul istehsalçılarının, demək olar, bütün vergilərdən azad edilməsi, onları yanacaq və motor yağlarına, eləcə də, əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli qiymətlərlə satılması və bu kimi digər tədbirlər, son nəticədə istehsalın artmasına, nəticədə isə ölkəmizin ərzaq sarıdan idxaldan daha az asılılığına səbəb olub.

Azərbaycan bununla kifayətlənmək fikrində deyil. Nazirlər Kabinetinin iclaslarından birində Prezident İlham Əliyev dövlətin bu sahədə növbəti məqsədini belə açıqlamışdı: “Ərzaq təhlükəsizliyi bu sahədə prioritet təşkil edir... İstehsalı mümkün olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və biz idxaldan asılılığımızı azaltmalıyıq... Eyni zamanda, biz ixrac imkanlarımızı da artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatında aparılan islahatlar - məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması və digər tədbirlər nəticəsində, bizdə daha da böyük ixrac potensialı yaranacaq və bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara çıxmalıyıq. Belə olan halda, biz gələcəkdə sahibkarlığın və kənd təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik”.

Aqrar sektorun inkişafının prioritet hədəfləri

Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq və lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində, ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Kənd təsərrüfatının inkişafının rəqəmlərlə ifadəsinə gəldikdə isə, aqrar sahəyə göstərilən qayğı və dəstəyin nəticəsində, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalında artım mövcuddur. Bu il iqlim şəraitinin yaxşı olmaması, quraqlıq olmasına baxmayaraq, müsbət nəticələr əldə edilib.

İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələrə toxunaraq, bildirib ki, bu sahədə ən müasir standartları tətbiq etməkdir: “Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir”.

Prezident İlham Əliyev qida təhlükəsizliyinin çox önəmli sahə olduğunu deyərək, bilirib ki, bu baxımdan, bu yaxınlarda yaradılan Qida Təhlükəsizliyi Agentliyi qarşısında çox ciddi vəzifələr qoyuldu: “Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da, elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir. İndi bu işlər gedir. Laborator tədqiqatlar, torpaqların təhlili, münbitliyi - bu işlər çox böyük dəqiqliklə aparılmalıdır və fermerlərə tövsiyə verilməlidir ki, hansı torpaqda hansı məhsul əkilərsə, bunun daha çox səmərəsi olacaqdır”.

Göründüyü kimi, bütün bunlar, deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da regionun, eləcə də, Avropanın lider dövlətinə çevriləcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər