“Rusiya ilə əməkdaşlığımız Rusiya-Ermənistan əməkdaşlığını xeyli üstələyib" MÖVQE-ÖZƏL

“Azərbaycanla Rusiya hərbi texniki sahədə ənənəvi əməkdaşlığa malikdir. Lakin son dövrlərdə hərbi siyasi məsələlərdə əməkdaşlıq Ermənistanla Rusiyanın həmin sahələrdə əməkdaşlığını xeyli üstələyib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Rusiyanın siyasi elitasında Azərbaycana münasibətdə müsbət məcrada dəyişikliklər olduğunu dilə gətirən politoloq söyləyib ki, qonşu ölkənin Dağlıq Qarabağ münaqişənin nizamlanmasında göstərdiyi səylər Ermənistanı narahat etməyə başlayıb: “Ölkəmizin Rusiyadan aldığı silah-sursatın həcmi 5 milyard dollara çatıb. Qonşu ölkə anlayır ki, Azərbaycanın silahlanmasında məqsəd Ermənistanla olan münaqişədə istifadə etməkdir. Bütün bunlar Rusiyanın da problemin həlli ilə bağlı mövqeyində böyük dəyişikliklərdən xəbər verir. Qonşu ölkənin mövqeyindəki dəyişiklik Ermənistandan böyük narazılıq və narahatçılığa səbəb olub. Təbii ki, Azərbaycan münaqişənin həlli ilə bağlı sülhə önəm verir. Amma düşmən ölkənin destruktiv mövqeyini davam etdirməsi, Azərbaycanın hərbi yola əl atmasına məcbur edə bilər”.İ.Vəlizadə qeyd edib ki, hazırda iri miqyaslı əməliyyatlardan heç kim danışmır: “İri miqyaslı əməliyyatlar regionda təhlükəsizliyi poza bilər. Bu baxımdan iri hərbi əməliyyatların keçirilməsi heç kimin marağında deyil. Amma lokal müharibənin mövcudluğu da istisna edilmir”.Politoloq vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyiş əldə etməkdir: “Aprel hadisələrinin məntiqi nəticəsidir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Əgər Ermənistan destruktiv ssenarilərini təkrarlamaq istəmirsə, o zaman danışıqlar prosesinə gedərək razılaşmalar əldə olunmalıdır. Əks halda, lokal müharibə qaçılmazdır. Hesab edirəm ki, belə vəziyyətdə Rusiya da buna etiraz etməyəcək”.

sia.az