Siyasət

  • 6 360

“Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır”

image

İlham Əliyev: “Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir”

Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 6-da rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Xorvatiyanın dövlət himnləri səsləndirilib. Daha sonra Xorvatiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Kolinda Qrabar-Kitaroviçə təqdim olunub.

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obulyen Korjinek imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç bəyanatla çıxış edib.

Prezident Kolinda Qrabar-Kitaroviçin bəyanatı:

“Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz, 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər.

Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir.

Eyni zamanda, gəmiqayırma sahəsində də vacib işlər var. Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcəkdir və Azərbaycan ilə biznes potensialını tam şəkildə istifadə edə biləcəyik. Həmçinin biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik.

Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək.

Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək.

O ki qaldı, Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir.

Mən, eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz, həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm.”

Prezident İlham Əliyevin bəyanatı:

“Çox sağ olun, hörmətli xanım Prezident. Əziz dostlar.

İlk növbədə, xanım Prezident, məni Xorvatiyaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən, Siz qeyd etdiyiniz kimi, Xorvatiyada özümü evimdəki kimi hiss edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etmək mənim üçün çox xoşdur.

Bizim siyasi dialoqumuz çox fəal aparılır. Xanım Prezident qeyd etdiyi kimi, biz tez-tez görüşürük. İki il bundan əvvəl xanım Prezident Azərbaycanda rəsmi səfərdə idi. Səfər çox uğurlu keçmişdir və çox gözəl nəticələri olmuşdur. Keçən il biz bir beynəlxalq konfrans çərçivəsində görüşmüşdük. Bu gün də mən Xorvatiyadayam. Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan doğrudan da strateji tərəfdaşlardır. Xanım Prezidentin qeyd etdiyi kimi, beş il bundan əvvəl Zaqrebdə bu barədə Bəyannamə imzalanmışdır.

Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir. Bu gün bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər.

Əlbəttə ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər.

Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır.

Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz, qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik.

Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləmiş və öz dəyərli töhfəsini vermişdir. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir.

Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olmuşdur. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini vermişdir. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir.

Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olmuşdur. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul etmişdir. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir.

Bir sözlə, həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır. Bu gün xanım Prezident qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi. Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək.”

Digər xəbərlər