“Xorvatiya Azərbaycanın göstərdiyi diqqətdən məmnundur" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, Balkan ölkələri ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Xüsusilə də həm Serbiya, onun ardınca Xorvatiya ilə bu cür münasibətlərin qurulması əlbəttə ki, bizim üçün gərəklidir. Çünki bu ölkələr Avropa ölkələri olmaqla, eyni zamanda Qərblə inteqrasiya məsələlərində sürətli hərəkət etməyə meylli olduqlarına görə Azərbaycan üçün də faydalıdırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.“Bildiyiniz kimi Azərbaycan xüsusən də beynəlxalq tribunlarda, platformalarda bu və ya digər şəkildə müəyyən məsələləri irəli sürərkən, dəstək almaq istərkən, əlbəttə ki, bizi təkcə yaxın dost ölkələr deyil, eyni zamanda həm də tarixən bizimlə elə də ciddi və yaxınlığı olmayan ölkələr də dəstəkləyir. Biz davamlı olaraq Serbiyanın dəstəyini görmüşük. Serbiyadan əlavə olaraq Xorvatiya da Azərbaycanla münasibətlərdə bu cür səmimi davranır. Bu baxımdan cənab Prezident İlham Əliyevin Xorvatiya Respublikasına səfəri və Xorvatiya prezidenti ilə keçirdiyi danışıqlar, görüşlər bizim beynəlxalq platformalarda da mövqelərimizin bir qədər möhkəmlənməsinə səbəb olacaq. Görüşlə bağlı televiziyalarda verilən reportajlara baxdım və hiss etdim ki, Xorvatiyanın özü də Azərbaycanın göstərdiyi diqqətdən çox məmnundur. Təbiidir ki, bu qarşılıqlı əlaqələr iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu Azərbaycana çox lazımdır. Cənab Prezident də məhz lazım olan işi görməkdədir”-deyə, A.Həsrət fikrini tamamlayıb.

sia.az