“Soçi görüşü qarşılıqlı əlaqələrin məntiqi davamı oldu” MÖVQE-ÖZƏL

"Azərbaycanla Rusiya arasında tarixən qonşuluq, dostluq münasibətləri mövcud olub. Prezidentlərin Soçi görüşü də bu münasibətlərin, iki ölkə arasında qarşılıqlı əlaqələrin məntiqi davamı oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimov deyib.Cənab Prezidentin Rusiyaya rəsmi səfərinin iki ölkə arasındakı münasibətlərin etimadlılıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini deyən deputat söyləyib ki, səfər zamanı əldə olunan uğurlardan biri iki ölkə arasında imzalanan sənədlərin qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərini əhatə etməsidir.Onun sözlərinə görə, səfər zamanı aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərində növbəti mərhələdir: "Azərbaycan və Rusiya prezidentlərinin mətbuata bəyanatlarındakı fikirləri da bir daha sübut edir ki, hər iki dövlətin başçısı münasibətlərin inkişafında, əməkdaşlığın ölkə həyatının bütün istiqamətləri üzrə genişləndirilməsində maraqlıdır və qərarlıdır".E. İbrahimov qeyd edib ki, səfər zamanı uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki dövlətin rəhbərləri səviyyəsində bir daha geniş müzakirə olundu: "Burada əsas məqam konfliktin çözümü ilə bağlı ümidverici notların səsləndirilməsi idi ki, bu fikirlər danışıqlar prosesinin gedişatına mühüm fayda verə bilər: "Rusiya Prezidenti Vladimir Putin öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməklik göstərəcəklərini ifadə etməklə yanaşı, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkdi. Bütün bunlar qonşu dövlətin problemin həlli istiqamətində fəallığını nəzərəçarpacaq dərəcədə artıracağına ümid verir. Belə olan halda, strateji tərəfdaşımız olan Rusiyadan bu istiqamətdə mühüm addımlar gözləyirik".

sia.az