Siyasət

  • 3 467

Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır

image

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir

Bu gün strateji tərəfdaşlar kimi bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələri quran Azərbaycan və Xorvatiya arasındakı münasibətlər yüksək qiymətləndirilir. Hazırda iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin imzalanması da bunun bariz nümunəsidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Keçirilən görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Mətbuata bəyanatında dövlət başçılarının qarşılıqlı səfərləri ilə bağlı fikirlərini bildirən Prezident İlham Əliyev “Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır”, - deyə bəyan edib.

Məlumat üçün bildirək ki, Xorvatiya 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvüdür. Dost ölkə kimi Xorvatiya hər zaman Azərbaycanın Avropa təşkilatları ilə əlaqələrinin inkişafına dəstək verib. Təsadüfi deyil ki, Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycanı NATO-nun mühüm tərəfdaşı adlandırdı. Keçirilən görüşlərdə Azərbaycanın Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olundu, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Avropa İttifaqı üzvləri ilə ikitərəfli və çoxtərəfli əsaslarda əməkdaşlıq quran Azərbaycan iqtisadi inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin həyata keçirilməsində maraqlıdır. Bu sırada ölkəmiz Cənub-Şərqi Avropa ölkələri ilə də siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə önəm verir. Zaqreb Bəyannaməsi Azərbaycanla Xorvatiya arasında digər sahələrlə yanaşı, iqtisadi münasibətlərin inkişafını da nəzərdə tutur. Bu mənada, Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri çərçivəsində əsas müzakirə mövzularından biri iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi idi. Hər iki Prezidentin bəyan etdiyi kimi, siyasi əlaqələr yüksək səviyyədədir.

Bununla yanaşı, dövlət başçıları iqtisadi əməkdaşlığın hələ yüksək səviyyəyə çatmadığını, ticarət dövriyyəsinin nə həcminin, nə də strukturunun qaneedici olmadığını bildirdilər. Hazırda hökumətlərarası komissiya bununla bağlı iş aparır. Kənd təsərrüfatı, gəmiqayırma, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı üçün münbit zəmin var.

Prezident İlham Əliyevin səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” isə müvafiq sahələrdə əməkdaşlığa yeni töhfələr verəcək.

Xorvatiya iqtisadiyyatı hazırda inkişaf mərhələsindədir. Bir neçə il əvvələ qədər qlobal iqtisadi böhranın fəsadları ilə mübarizə aparan bu ölkə iqtisadiyyatda dönüş yaradılmasında, xüsusən, xarici investisiyaların cəlb olunması məsələsində Avropa İttifaqının üzvlüyündən maksimum dərəcədə istifadə edib. Lakin iqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Aİ və qonşu ölkələrlə deyil, həm də potensial iqtisadi tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla da əməkdaşlıqda maraqlıdır. Xorvatiyada da cəlbedici investisiya layihələri mövcuddur. Azərbaycanın iş adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edərək, bu ölkədə öz biznes fəaliyyətlərini həyata keçirə bilərlər.

İki ölkə arasındakı dialoqun digər mühüm komponenti enerji sahəsində əməkdaşlıqdan ibarətdir. Xorvatiya “Cənub Qaz Dəhlizi” kontekstində Azərbaycan qazının Avropaya çatdırılmasında və bu kəmərin şaxələndirilməsində maraqlıdır. Eyni zamanda, həm TAP, həm də İon-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.

Mətbuata bəyanatında bu barədə danışan Prezident Kolinda Qrabar-Kitaroviç deyib: “Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz-boru kəməri layihəsində də iştirak edək”.

Gələcəkdə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası, Azərbaycana imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil olsun və həmin ölkələr də, təbii qaz alaraq, yeni mənbə əldə etsinlər.

Enerji təhlükəsizliyi, Avropa İttifaqının digər üzvləri kimi, Xorvatiya üçün də böyük əhəmiyyət kəsb edir. Bu ölkə həm neft, həm də qaz idxalında mənbələrin sayının artırılmasında maraqlıdır. Ona görə Xorvatiyada da enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirlər.

Bir sözlə, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin yekunları, deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Ən azından, bunun üçün hər iki ölkədə yüksək siyasi iradə və böyük potensial var.

“Səs” Analitik Qrupu

Digər xəbərlər