Elman Nəsirov: Bu səfər əlaqələrimizin daha yüksək zirvəyə qalxmasında yeni səhifə açacaq

“Prezident İlham Əliyevin Xorvatiya Respublikasına səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmamaq siyasətinə əsaslanan xarici siyasət kursu həyata keçirir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət balanslı, çoxvektorlu və tarazlaşmış siyasət kimi xarakterizə olunur. Azərbaycan Prezidenti İlham Əliyev isə həmin siyasətə çeviklik və dinamizm gətirib: “Bunun sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb və beynəlxalq nüfuzu daha da güclənib. Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri bunu bir daha təsdiqlədi. Xorvatiya ilə fundamental məsələlərdə ortaq yanaşma xəttinə malikik və bunun sayəsində münasibətlərimiz strateji xarakter alıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələrin geniş potensialı var və bundan daha səmərəli istifadə etmək lazımdır. Bu səfər göstərdi ki, iki dövlət arasında təkcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün möhkəm zəmin yaranıb. Xüsusilə də kənd təsərrüfatı, nəqliyyat, turizm, gəmiqayırma, əczaçılıq və digər sferalarda inkişaf üçün yaxşı baza mövcuddur: “Danışıqlar prosesində Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, ölkəsinin əczaçılıq sahəsində çox böyük imkanlar var və Azərbaycanla bu sahədə əməkdaşlıq nəzərdə tutulan əsas məsələlərdən biridir. Bu əməkdaşlıq sayəsində Xorvatiya Mərkəzi Asiya regionuna və bütövlükdə Xəzər dənizi regionuna çıxa bilər ki, bu da iqtisadiyyat üçün vacib məsələlərdən biridir. Xorvatiya Prezidenti həmçinin deyib ki, Azərbaycan gəmiqayırma sahəsində çox geniş imkanlara malikdir və artıq altı gəminin burada sifariş verilməsinə dair müzakirələr aparılır. Bundan başqa, ölkələrimiz informasiya texnologiyaları sahəsində də əməkdaşlıq edə bilər. Xorvatiya neft və qaza tələbatının təxminən 50 faizini idxal hesabına ödəyir. Bu nöqteyi-nəzərdən, Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsi 7 ölkəni birləşdirir. Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Təbii ki, Xorvatiya da bu qlobal layihədən yararlanmaq istəyir. Bu ölkə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında iştirak edir. Bununla əlaqədar iki ölkə arasında müvafiq memorandum imzalanıb. Həmçinin İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır”.
E. Nəsirov onu da deyib ki, artıq Şərqi və Mərkəzi Avropa ölkələrinin Xəzər regionuna olan marağı diqqətdən yayınmır. Xəzər regionunda isə əsas həlledici qüvvələrdən birinin Azərbaycan olduğu da həqiqətdir. Xorvatiya Prezidentinin çıxışında bu fikirlər tez-tez səslənirdi. Bu gün münasibətlərimiz elə səviyyədədir ki, artıq Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasının vaxtı çatıb və Xorvatiya tərəfi bu barədə qərar qəbul edib: “Azərbaycan-Xorvatiya münasibətləri həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, müdafiə, enerji təhlükəsizliyi, qeyri-neft sektoru sahələrində dinamik inkişafa malikdir. Bu səfər həmin əlaqələrin daha yüksək zirvəyə qalxmasında yeni səhifə açacaq”.

yap.org.az.