Siyasət

  • 6 036

“Bakının erməni daşnaklarından azad edilməsi böyük tarixi hadisədir”

image

“15 sentyabr Bakının işğaldan azad olunduğu gündür. 100 il bundan əvvəl, 1918-ci ilin sentybar ayında Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələri şərh edərkən deyib.“Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub”, deyə qeyd edən Hikmət Şikarov bu hadisənin Azərbaycan xalqı üçün aid ən şərəfli tarix olduğunu vurğulayıb.YAP Pirallahı rayon təşkilatının sədri eyni zamanda bildirib ki, 15 sentyabr 1918-ci il tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib: “Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi”.“Müstəqilliyinə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi”, deyən Hikmət Şikarov digər bir tarixi hadisəni də xatırlayaraq bildirib ki, Bakı işğal altında olduğundan milli hökumət müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlayıb: “Lakin Milli Hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. 1918-ci il mayın sonunda Nuru Paşa rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi”.Hikmət Şikarob 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Sovetinin iflasa uğradığını xatırladaraq bildirib: “Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım siyasəti həyata keçirilmişdi. Sentrokaspinin həyata keçirdiyi siyasət mahiyyət etibarilə Bakı Xalq Komissarları Soveti kimi anti - Azərbaycan xarakteri daşıyırdı. Çünki Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyəti güdən bu hökumət ermənilərə və digər yad qüvvələrə arxalanırdı. 1918-ci ilin iyulundan Qafqaz islam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də-Qurban bayramı günündə Bakı işğalçılardan azad edildi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu”.“Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi”, deyən YAP Pirallahı rayon təşkilatının sədri eyni zamanda bildirib ki, qardaş Türkiyənin hərbi dəstəyi ilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması demək idi. Bu, eyni zamanda dahi Mustafa Kamal Atatürkün «Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!» fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürüldü. Bu isə ölkədə tamamilə yeni bir şərait yaratdı. Bundan sonra Azərbaycan hökuməti özünün elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşmuş oldu, dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı”.

sia.az

Digər xəbərlər