Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələdə

Soçidə imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir

Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan sazişlər iki ölkə arasında münasibətlərin bundan sonrakı dövrü üçün əsas yol xəritəsi hesab olunur. Sözügedən səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Bu günədək hər iki dövlət arasında həm siyasi, həm də iqtisadi-ticarət əlaqələri sıx olub və yüksələn xətlə inkişaf edib. Təbii ki, bundan sonrakı mərhələdə iqtisadi sahədə birgə fəaliyyət imkanlarının daha da genişləndiriləcəyi ehtimal olunur. Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata verdiyi bəyanatında bir sıra məsələlərə toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, Rusiya və Azərbaycan qonşu dövlətlərdir: “Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də, qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Azərbaycan da, öz tərəfindən, ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il “Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Rusiya prezidenti Vladimir Putin də bildirib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: “2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq, 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən, kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”.

Təbii ki, Rusiya ilə Azərbaycan arasında qonşu ölkələr üçün nəqliyyat imkanlarının yaradılması istiqamətində əməkdaşlığın böyük perspektivləri var. Azərbaycan Rusiya ilə birgə “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin iştirakçısıdır. Məlumdur ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi Avropanın şimal hissəsindən başlayaraq, Asiyanın şərq hissəsinə qədər davam edir. Bu səbəbdən də, hər iki ölkə arasında nəqliyyat əməkdaşlığı yüklərin daha qısa müddətə və ucuz daşınması sahəsində əməkdaşlığı daha da genişləndirəcək. Rusiya ilə İran, Türkiyə və Şərq ölkələri arasında yükdaşımaların Azərbaycanda yaradılmış yeni infrastruktur vasitəsilə daşınması birbaşa Şimal qonşumuzun özünün iqtisadi marağındadır. Çünki bu yol daha rahat, müasir və bir çox ölkələrdən keçdiyindən, əlavə dəyər yaradan marşrutdur. Bu səbəbdən də, Rusiya bu marşrutdan istifadə etməkdə maraqlıdır. Təbii ki, Azərbaycan da tranzit ölkə kimi yüklərin bu və ya digər istiqamətdə daşınmasında maraqlıdır. Bundan ölkəmiz kifayət qədər gəlir əldə edir. Eyni zamanda, iqtisadiyyatda qeyri-neft sektorunun inkişafı baxımından, nəqliyyat əlaqələrinin genişlənməsi və yüklərin daşınmasında yeni əlavə dəyərin yaradılması ölkəmizə böyük perspektiv vəd edir.

Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində nəqliyyat məsələsinə toxunan Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik: “Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub Dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”.

Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda Nəqliyyat Dəhlizi rolunu oynayır. Bu istiqamətdə Azərbaycan hökuməti, uzun illərdir ki, çox böyük işlər görüb. Müvafiq investisiyalar yatırılır, layihələr həyata keçirilir. Azərbaycanda nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub. Dəmir yolları genişləşdirilir, Bakı-Tbilisi-Qars Dəmir Yolu layihəsi ötən il istifadəyə verildi. Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətində nəqliyyat qovşağında yerləşir. Ölkəmiz hazırda regionun nəqliyyat mərkəzinə çevrilir. Belə bir vəziyyətdə ətraf ölkələrin hər biri ilə nəqliyyat sahəsində müvafiq razılaşmaların əldə edilməsi və sazişlərin imzalanması böyük perspektiv vəd edir.

“Səs” Analitik Qrupu