“ATƏT-in bütün üzvləri daha güclü inteqrasiyanı dəstəkləyir”

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin Daşkənd şəhərində təşkil etdiyi "Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu" mövzusunda seminarda çıxış edib. SİA-nın xəbərinə görə, bu barədə ATƏT PA-nın saytı məlumat yayıb (http://www.oscepa.org/news-a-media/press-releases/2900-osce-family-supports-greater-co-operation-and-integration-among-countries-of-central-asia-and-afghanistan-osce-pa-vice-president-guliyev-says-in-tashkent)."Mövcud regional parlament əməkdaşlığının preventiv diplomatiyanın tətbiqində rolu və Əfqanıstanın Mərkəzi Asiya regionunun siyasi inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edən ATƏT PA-nın vitse-prezidenti bildirib ki, ATƏT PA preventiv diplomatiyanın tətbiq edilməsi üçün yaxşı imkanlara malikdir. Parlamentarilər yalnız siyasətçilərin aça biləcəyi qapıları açmağa qadirdirlər və ATƏT-in Parlament Assambleyası müəyyən ölkə və regionlarla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və parlamentarizmin təbliği üçün müxtəlif alətlərə malik olan bir təşkilatdır.Azay Quliyev deyib ki, "millət vəkilləri ictimai müzakirələr təşkil etməkdə və ya həssas mövzularda açıqlama verməkdə daha sərbəst olurlar ki, bu da hökumətin rəsmi qərar qəbul etməsindən əvvəl ictimaiyyətin reaksiyasını yoxlamağa imkan yaradır".Millət vəkillərinin siyasi qərarların qəbul olunması prosesində oynadıqları rolun unikallığını qeyd edən Azay Quliyev onların müxtəlif növ böhranların həllində və münaqişə sonrası yenidənqurma prosesində iştirak, parlamentlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti səviyyəsində siyasi dialoqun təbliğ edilməsi aspektlərində geniş alət seçiminə malik olduqlarını bildirib.ATƏT PA-nın vitse-prezidenti iştirakçıların diqqətini Əfqanıstanın 2003-cü ildən etibarən ATƏT və ATƏT-in Parlament Assambleyasının Əməkdaşlıq üzrə Asiya tərəfdaşlığına və ATƏT-ə üzv olan 3 ölkə ilə (Tacikistan, Türkmənistan və Özbəkistan) həmsərhəd olmasına çəkib.Qeyd edək ki, 2010-cu ildə Əfqanıstanla əlaqədar Assambleyada xüsusi müzakirə də aparılıb. Azay Quliyev məruzəsində həmçinin Mərkəzi Asiya ölkələri və Assambleyanın qarşılıqlı fəaliyyətinə toxunaraq bu ölkələrin deputatlarının Assambleyanın fəaliyyətlərində, o cümlədən seçki müşahidələrində fəal iştirak etdiklərini bildirib və ötən il ATƏT PA-nın o zamanki prezidenti xanım Kristine Muttonenin Daşkəndə səfəri də (10 ildən artıq müddət ərzində Assambleya prezidentinin Özbəkistana ilk səfəri) daxil olmaqla son zamanlarda əməkdaşlığa dair bir sıra müsbət tendensiyanın olduğunu vurğulayıb. Azay Quliyev həmçinin təşkil edilmiş xüsusi qruplar, xüsusi nümayəndələr və Assambleyanın Əfqanıstanla əlaqədar qəbul etdiyi qətnamələr haqqında da məlumat verib.A.Quliyev deyib ki, Əfqanıstan 2009-cu ildən etibarən ATƏT PA-nın bir sıra iclaslarında iştirak edir. Onun sözlərinə görə, ATƏT 2007-ci ildə Əfqanıstana sərhəd təhlükəsizliyi, polis əməkdaşlarının treninqləri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində yardım göstərib. 2011-ci ildən etibarən isə Əfqanıstanla siyasi və hərbi əməkdaşlıqla yanaşı, insan ölçüsü, iqtisadi və ekoloji aspektləri də əhatə etmək barədə razılığa gəlinib.ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışının sonunda bildirib ki, "ATƏT-in bütün üzvləri ortaq coğrafi mövqe və tarixə, eləcə də möhkəm mədəni əlaqələrə, sülh, davamlı inkişaf, sabitlik və təhlükəsizlik məqsədləri istiqamətində qarşılıqlı faydaya əsaslanan birgə layihələrin həyata keçirilməsi üçün böyük iqtisadi potensiala malik olan Mərkəzi Asiya ölkələri və Əfqanıstan arasında daha güclü əməkdaşlıq və inteqrasiyanın təşviqinə dəstəyini davam etdirməyə hazırdır".Azay Quliyev həmçinin Daşkənd şəhərində Özbəkistan Parlamentinin rəhbərliyi ilə görüş keçirərək ATƏT PA-Özbəkistan əməkdaşlığının gələcək perspektivləri haqqında müzakirələr aparıb.

sia.az