Siyasət

  • 4 135

Mətbuat Şurasında görüş keçirilib

image

Bu gün Azərbaycan Mətbuat Şurasında İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfinin səlahiyyət müddətinin başa çatması münasibəti ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə həmçinin Azərbaycan-İran arasındakı münasibətlərdən bəhs edilib.Mətbuat Şurasının sədri Əflatun Amaşov Məhəmmədrza Nəcəfinin indəyədək gördüyü işlərdən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların gücləndirilməsinin vacibliyi önə çəkilib. Xüsusən də qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi üzərində dayanılıb. Bildirilib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik İran və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir.İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə deyib ki, Azərbaycan və İran arasında hərtərəfli əlaqələrin, mədəni, ictimai və media əməkdaşlıqlarının inkişafı İran səfirliyi üçün əsas prioritetdir: “Səfirliyin Mədəniyyət Mərkəzi və Ümumi Siyasət və Mətbuat şöbəsi dost və qardaş Azərbaycanın aidiyyəti orqanları ilə əməkdaşlıq edərək birgə planların icrası ilə iki ölkənin mədəni, ictimai və media əlaqələrinin inkişafına nail olmağa, iki ölkə arasındakı tarixi, mədəni və dini bağlılıqları layiq bir səviyyəyə çatdırmağa çalışırlar. Azərbaycan və İran əlaqələri sarsılmazdır və bütün sahələrdə inkişafa doğru gedir”.Səfirin sözlərinə görə, İran və Azərbaycan prezidentlərinin ötən 4 il ərzində 8 görüşü baş tutub. C. Cahangirzadə il ərzində 2 ölkənin 1.5 milyondan çox vətəndaşının qarşılıqlı səfərlərini iki ölkə arasında mövcud olan tarixi, mədəni və dini bağlılıqların nəticəsi olaraq qiymətləndirib.“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da müxtəlif sınaqlardan çıxmış İran-Azərbaycan münasibətlərinin müasir dövrdəki inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsində media peşəkarlığının başlıca əhəmiyyət daşıdığını müxtəlif faktlarla əsaslandırı. O bildirib ki, dünyada müsəlman aləminə qarşı birmənalı yanaşmanın mövcud olmadığı hazırkı dövrdə İran və Azərbaycan mediasının müştərək fəaliyyəti baxımdan nəzərdən keçirilməli məqamlar çoxdur.Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu da Məhəmmədrza Nəcəfinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ona gələcək işlərində nailiyyətlər arzulayıb. O mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin müstəsna əhəmiyyət daşıdığı önə çəkib.SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin yeni mətbuat katibi Seyid Ali Mousaviyə işlərində uğurlar arzu edib. Media Qrupunun rəhbəri bildirib ki, Məhəmmədrza Nəcəfinin səlahiyyət müddəti başa çatsa da o hər zaman Azərbaycan mətbuatı üçün doğma olub: “Siz biz tərəfdən dost kimi yola salınırsınız. Hər bir mətbuat rəhbəri, jurnalist sizi özünün dostu sayır. Biz yeni mətbuat xidmətinin rəhbəri Seyid Ali Mousaviyə isə xoş gəldin deyirik. Hesab edirəm ki, bu dostluğu davam etdirmək lazımdır. Çünki bizim orta tariximiz, mədəniyyətimiz və dostluğumuz var. Biz bunu istəsək belə dəyişə bilmərik. Bu gün iki dövlət arasında bütün sahələrdə çox yaxşı dostluq, əməkdaşlıq əlaqələri var”.Daha sonra "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək Məhəmmədrza Nəcəfiyə və yeni mətbuat xidmətinin rəhbərinə yeni-yeni yaradıcılıq uğurları arzulayıb.Sonda Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən Məhəmmədrza Nəcəfiyə “Azərbaycan mediası ilə səmərəli əməkdaşlığa, İran və Azərbaycanın media qurumları arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə” diplomu və hədiyyə təqdim olunub.

sia.az

Digər xəbərlər