Siyasət

  • 3 120

“Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı etimad prinsiplərinə əsaslanır”

image

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri dövlət başçılarının bir müddət əvvəl Soçidə reallaşan görüşünün davamı kimi qiymətləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.Onun sözlərinə görə, həmin səfər zamanı Rusiya və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlıqla bağlı tamamilə yeni və daha uğurlu bir səhifənin açıldığını söyləyə bilərik: “Prezidentlərin də vurğuladığı kimi, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq, bir-birlərinə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır, həmçinin strateji mahiyyət daşıyır. Təbii ki, dünyanın ən böyük dövlətlərindən birinin rəhbərinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Qeyri-neft sahəsi üzrə ixrac olunan məhsullarımızın, xüsusilə də kənd təsərrüfatı əmtəəsinin ən böyük bazarı Rusiya sayılır. Soçidə iqtisadi əməkdaşlıqla bağlı imzalanan ikitərəfli sazişlər Rusiya və onun bölgələri ilə münasibətlərimizin yeni mərhələyə qalxmasına geniş imkanlar yaradır. Rusiya həm də Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun üç əsas həmsədrindən biridir. Belə olan halda, iki ölkə rəhbərlərinin hər bir görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hər zaman ən əsas müzakirə mövzularından biri olması təbiidir. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın da Moskvaya səfəri oldu. Bu baxımdan Putinin səfəri həm də Azərbaycana qarşı tərəfin mövqeyinin daha da dəqiqləşdirilməsi ilə bağlı informasiya əldə etmək imkanı yaradır. Qeyd olunanları nəzərə alaraq sentyabrın 25-də reallaşacaq səfərin yenidən Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələri üzrə geniş fikir mübadiləsi aparılması, əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün daha nələrin lazım olduğunun dəqiqləşdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yenidən gündəmə gətirilməsi ilə bağlı xüsusi önəm daşıdığını vurğulaya bilərəm”.

sia.az

Digər xəbərlər