Siyasət

  • 4 038

Vüqar Rəhimzadə: Türkiyə-Azərbaycan birliyi sarsılmazdır

image

«Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad bir daha Azərbaycan-Türkiyə dostluğunun, eyni zamanda, iki dost, qardaş ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət», Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» tezislərinin əsl mahiyyətini açıqladı, iki dost, qardaş ölkəni biri-birinə bağlayan tellerin möhkəmliyinə işıq saldı. «Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olsun. Birliyimiz bütün sahələrdə özünü büruzə verir.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
V.Rəhimzadə Türkiyə ilə Azərbaycanın birgə səyləri nəticəsində gerçəkləşdirilən layihələrin regionda sabitliyə, təhlükəsizliyə xidmət etdiyini bildirib: «Ölkə Prezidenti cənab İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardıcılları davamlıdır və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artmasına böyük töhfələr verirlər. 2018-ci ilin mayında «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, iyun ayında TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP, həmçinin ötən ilin oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə heç də enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı, geniş tranzit imkanlarına malik olan Türkiyə-Azərbaycan birliyinin fonunda reallığa çevrilən, həm region, həm də dünya dövlətlərinin iqtisadi inkişafına geniş yol açan layihələrin davamlılığından, eyni zamanda, bu birliyin əbədiliyindən xəbər verir. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.»
Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, parad 27 illik müstəqillik tarixini yaşayan Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda güclənən və qüdrətlənən Ordusunun təqdimatı oldu: «Yaxın günlərdə müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək illik müstəqillik tarixini vərəqləyəcək Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması uğurlu və təkmil iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir. Bunun bariz nümunəsi Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Təbii ki, bu uğurlara yol açan Azərbaycanın iqtisadi qüdrətinin günbəgün artmasıdır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Bu gün ölkəmizdə işsizlik 5 faiz səviyyəsindədir. Davamlı uğurlarımız regional və beynəlxalq əməkdaşlıqda yeni-yeni uğurlara yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, uğurlarımız Azərbaycanın gələcəyinin parlaq olacağı barədə aydın təsəvvür yaradır.»
V.Rəhimzadə dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qarantı olan ordumuzun gücü və qüdrətinin artmasını şərtləndirən amillərdən bəhs edərək, bu uğuru diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Hərbi potensialımız artır. Müharibə şəraitində olan ölkə üçün güclü və qüdrətli ordunun olması əsasdır. 2016-cı ilin aprel, cari ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, torpaqlarımızı işğaldan azad etmək qüdrətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev paradda bu əminliyi ifadə etdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq.
Uğurlarımızın davamlılığı üçün bütün imkanların mövcudluğunu qeyd edən V.Rəhimzadə bildirib ki, Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksək səviyyədə olması reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ən əsası dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi bütün sahələrdə olduğu kimi, xarici siyasətimizin tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də vahid mövqedən çıxış edərək, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin vacibliyini bəyan edir. Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə əsaslanaraq, bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərik ki, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.
V.Rəhimzadə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına xüsusi diqqət yönəldərək, Azərbaycan-Türkiyə qardaşlığının gələcəyi üçün möhkəm bazanın olduğunu qeyd edib. «Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik» söyləyən R.T.Ərdoğan bildirib ki, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik.

yap.org.az

Digər xəbərlər