Azərbaycan Prezidenti İlham Əliyev Masallı və Biləsuvar rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib.
Bildirildi ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sanayi Turizm və Ticarət”, həmçinin “Özgün Yapı Sənaye və Ticarət”, o cümlədən digər nüfuzlu xarici şirkətlərdir.
Qeyd edildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses davamlı xarakter alıb. Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bundan başqa, bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır. Bu məqsədlə dövlətimizin başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Məhəlləsinin təşkili işləri başa çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır. Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahə elan olunub və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Masallı Sənaye Məhəlləsində görülən işlər, həmçinin ölkədə yaradılan və yaradılmaqda olan sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycanda ilk sənaye məhəlləsi dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işlərinə 200 nəfər cəlb olunub. Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb.
Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub. Məlumat verildi ki, Sənaye Məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb, 142 yeni iş yeri yaradılıb.
Dövlətimizin başçısı Sənaye Məhəlləsində fəaliyyət göstərən “Perla” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsi ilə tanış olub. Bu istehsalat sahəsinin yaradılmasında müasir avadanlıqlardan istifadə edilib. Burada döşək və metal yay hissələri istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 1,2 milyon manatdır. “Perla” brendi ilə satışa çıxarılacaq müəssisənin məhsulları yüksək keyfiyyəti ilə seçilir. İstehsal sahəsində 30 daimi iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 3 milyon manatdır.
Sənaye Məhəlləsində fiziki şəxs Süleyman Qurbanov tərəfindən istehsal sahəsi yaradılıb. Burada “Mikayıloğlu” brendi ilə uşaq və mətbəx mebelləri istehsal ediləcək. Müəssisə 2018-ci ilin avqustunda istismara verilib. İnvestisiya məbləği 100 min manat olan müəssisədə 7 nəfər çalışacaq. Müəssisədə ayda 100 uşaq və mətbəx mebeli istehsal olunacaq. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 180 min manatdır.
“Birlik-3A” MMC isə Sənaye Məhəlləsində taxta evlər istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya məbləği 500 min manat olan müəssisədə 15 iş yeri açılıb. Burada ay ərzində müasir tipli 3 taxta ev hazırlanacaq. Müəssisənin illik məhsul dövriyyəsinin həcmi 2 milyon manat təşkil edəcək.
“Kainat-2016” MMC-nin taxta emalı və məmulatları istehsalı müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Müəssisəyə əlavə dövlət dəstəyi göstərilərək İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Burada 15 nəfər daimi işlə təmin olunub. Müəssisə bu ilin avqustunda istismara verilib. İstehsal gücü ayda 300 kubmetrdir. Nəzərdə tutulan illik dövriyyənin həcmi isə 600 min manatdır.
Sənaye Məhəlləsinin ilk qadın iştirakçısı olan Qənirə Zeynalovanın istehsal sahəsinə 80 min manat investisiya yatırılıb. Müəssisədə müxtəlif növ yumşaq mebellərın istehsalı təşkil edilib. Bu istehsal sahəsi 2018-ci ilin avqustunda istismara verilib. Burada 6 nəfər iş yeri ilə təmin olunub. Müəssisənin istehsal gücü ayda 30 dəst müxtəlif növ yumşaq mebeldir. Burada nəzərdə tutulan illik dövriyyənin həcmi 200 min manatdır.
Fərdi sahibkar Rahib Zərbiyev tərəfindən Sənaye Məhəlləsində 250 min manat investisiya yatırılmaqla dəmir məmulatları, işıq dirəkləri, park oturacaqları və digər məhsulların istehsalı müəssisəsi yaradılıb. Artıq bu ilin aprelindən məhsul istehsalına başlayan müəssisədə 20 iş yeri açılıb. Müəssisənin nəzərdə tutulan illik dövriyyəsinin həcmi 300 min manatdır.
Sonra Prezident İlham Əliyev Sənaye Məhəlləsində “Azərxalça” ASC tərəfindən yaradılmış Xalçaçılıq üzrə Təlim-Tədris Mərkəzi ilə tanış olub. Mərkəzin fəaliyyət sahəsi xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkilidir. Bildirilib ki, Mərkəzdə 50-dən 150-dək yerli sakin xalçaçılıq sənətinə yiyələnəcək. Onlar kursu bitirdikdən sonra müvafiq işlə təmin ediləcəklər. Burada 10 ədəd toxucu dəzgahı quraşdırılıb. Sənaye Məhəlləsində mebel, dam örtükləri və aksesuarlar istehsal edən müəssisələr də fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin inzibati binasında yaradılan şəraitlə də tanış olub. Burada toplantı və təlimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, “Start-up”lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan digər sahələr var. İnzibati binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.
Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi ilə də tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq “Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların KOB-lar vasitəsilə həyata keçirilməsi təşviq olunacaq. “KOB Dostları”nın fəaliyyətinin digər önəmli istiqaməti KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. “KOB Dostları” kiçik və orta biznesin hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, sahibkarlarla sıx əlaqələr qurulacaq və “KOB Dostları” onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu isə həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcək. Sonra Prezident İlham Əliyev Məhəlləyə investisiya yatıran yerli sahibkarlarla görüşüb. Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də “Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, müəssisənin direktoru Ağamirzə Kərimov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib. Yeni yaradılmış müəssisəsinin ümumi ərazisi 1 hektar, tikinti sahəsi isə 600 kvadratmetrdir. Müəssisənin inşasına 2017-ci ilin noyabrında başlanılıb. 2018-ci ilin sentyabr ayında inşaat işləri tam başa çatdırılıb.
Bu istehsalat sahəsinin aylıq emal gücü 300 ton, düyü qurutma gücü isə 900 tondur. Prezident İlham Əliyev müəssisəni işə saldı. Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.
Müəssisənin nəzdində hazır məhsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb. Bundan başqa, “Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün 2 dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.
“Masallı - Nemətləri” MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir. Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner - əvvəlkindən 2 dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.
Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş “Daydon” markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib.
Bildirildi ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.
Qeyd edək ki, dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən tikilən avtomobil yolu dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, indi əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
Məlumat verildi ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasimindən fotoşəkillər, Ulu Öndərin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Bayraq Meydanının açılışı mərasimlərində çəkilmiş fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir. Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 56 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar Gənclər Evinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvar rayonunda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir.
İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası ikimərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan binada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.