YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra YAP Nizami rayon təşkilatının 25 illik fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan S.Vəliyeva deyib: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər insan birləşib”.YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyi itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Beləliklə də müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası - Yeni Azərbaycan Partiyası yaranıb”.YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Qeyd edib ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.Sonda YAP Nizami rayon təşkilatının yaradılmasında xidmətləri olmuş bir qrup şəxsə xatirə hədiyyələri təqdim olunub.

sia.az