“Azərbaycan-Rusiya münasibətlərindən münaqişənin həllində istifadə etmək olar” MÖVQE-ÖZƏL

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçiriləcək görüş əslində Azərbaycanın hücumedici diplomatiyasının göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.O bildirib ki, Azərbaycanın sülhpərvər dövlət, danışıqlara hazır, bir sıra dövlətlərlə münasibət yaratmaq fikrində olması, mövcud əlaqələri daha da inkişaf etdirməsi ölkə diplomatiyamıza xas olan əsas xüsusiyyətlər olduğu üçün ölkəmiz tərəfindən bütün addımlar da məhz buna yönəlib.Politoloq XİN başçılarının görüşündən münaqişənin həlli ilə bağlı müsbət nəticə əldə ediləcəyini gözləmədiyini dilə gətirib: “Amma hər halda bu bizim siyasi diplomatik istiqamətimiz, əsas məqsədimiz torpaqlarımızı işğaldan azad etməkdir ki, ölkəmiz bu yolda bütün vasitələrdən istifadə edir. Belə ki, ölkəmiz həm BMT-nin sessiya meydançaları, həm aparıcı dövlətlərinin rəhbərləri ilə görüşdə, həm səfərlər zamanı, eyni zamanda bütün görüşlərdə prinsipal mövqeyini bildirir. Bununla da həm dostlarımız, həm düşmənlərimiz eşidir ki, Azərbaycan heç zaman torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində öz yolundan dönməyəcək və bütün vasitələrdən istifadə edərək məqsədinə gəlib çatacaq”.Rusiya Dövlət başçısı Vladimir Putinin sentyabrın 25-də Azərbaycana səfərini xatırladan F.Sadıqov söyləyib ki, həm bu səfər, həm bundan əvvəl Azərbaycan Prezidentinin Soçi səfəri, həm də ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi ona dəlalət edir ki, bütün bunlardan münaqişənin həlli istiqamətində diplomatik nöqteyi-nəzərdən istifadə etmək olar: “Rusiya hazırda Paşinyan hakimiyyətindən narazıdır. Biz bu istiqamətdə ziddiyyətli bəyanatların səsləndiyini, düşmən ölkənin Qərblə münasibətləri yaxınlaşdırmaq istiqamətində addımlar atdığını və ümumiyyətlə Ermənistan son dövrlərdə daha da acınaqcaqlı vəziyyətdə olduğunu görürük. Hesab edirəm ki, Azərbaycan bütün bunlardan səmərəli şəkildə istifadə edir. Görüşlər zamanı bu amildən istifadə edərək nəyəsə nail olmalıyıq. Çünki biz bilirik ki, Rusiya vasitəçidir, qonşudur və Ermənistanla müttəfiqdir. Belə olan halda, biz bütün bunlardan istifadə edərək öz məqsədlərimizə çatmalıyıq”.

sia.az.