Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi

“Dörd ay bundan əvvəl xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini təntənəli şəkildə qeyd etdi. 1918-ci mayın 28-də elan olunan AXC zəngin dövlətçilik tariximizin parlaq bir səhifəsini təşkil edir və hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi hadisə kimi səciyyələndirib”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

AXC-nin fəaliyyətini dəyərləndirən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrimizin möhkəmlənməsi və zənginləşməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bugünkü müstəqil Azərbaycan AXC-nin varisidir. Azərbaycanın bir sıra dövlət atributları məhz Cümhuriyyət dövründə təsis edilib. Biz qürur duyuruq ki, 100 il bundan əvvəl nəinki müsəlman aləmində, hətta bütün dünyada demokratik dəyərlərə sadiqlik nümayiş etdirən, o cümlədən də qadınlara seçib-seçilmək hüququ verən dövlətlərdən biri məhz Azərbaycan Xalq Cümhuriyyəti olub.
Ötən əsrin 90-cı illərinin əvvəlində isə xalqımızın 20-ci yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşduğunu xatırladan millət vəkili bildirib ki, bu dəfə də müstəqilliyimiz üçün çox ciddi təhdidlər yaranmışdı: "O dövrdə cərəyan edən prosesləri göz önündə canlandırdıqda bir daha əmin olursan ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Müstəqilliyimizi daxili və xarici təhdidlərdən qoruyan, ona əbədiyaşarlıq qazandıran isə xalqımızın Ümummilli lideri Heydər Əliyev oldu. O dövrdə respublikanın iqtisadiyyatı çox acınacaqlı vəziyyətdə idi, ölkədə daxili çəkişmələr, gərgin siyasi proseslər gedirdi. Belə vəziyyətdən istifadə edən Ermənistan isə özünün işğalçılıq siyasətini daha da genişləndirərək ərazilərimizi zəbt edir, soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salırdı. Müstəqilliyimizin ilk illərinin acınacaqlı mənzərəsini göz önündə canlandıran Prezident İlham Əliyev çox haqlı olaraq Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini müasir taiximizin dönüş nöqtəsi kimi səciyyələndirdi. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək yeganə düzgün addım atmışdır, Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi idi".
Ötən 25 ildə Azərbaycan dövlətinin bütün sahələrdə böyük uğurlar qazandığını bildirən millət vəkilinin fikrincə, bu gün Azərbaycan dövlətinin qarşısında duran ən vacib məsələ Ermənistan-Azərbaycan dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq, işğal altında olan torpaqlarımızı azad etməkdir. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. "Prezident İlham Əliyev də sözügedən çıxışında bu məsələ ilə bağlı çox mühüm mesajlar verdi. Dövlətimizin başçısı bir daha açıq şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Azərbaycan bu münaqişənin həllinə münasibətdə beynəlxalq hüquqa və tarixi ədalətə söykənir. Ermənistan isə əksinə, hər cür təxribat və manipulyasiyalara əl atır ki, münaqişənin həllinə mane olsun, danışıqlar dalana dirənsin. Ona görə də, möhtərəm Prezidentimizin də bildirdiyi kimi, Ermənistana qarşı sanksiya tətbiq edilməsinin vaxtı gəlib çatıb. İşğalçıya qarşı çox ciddi tədbirlər görülməlidir. Çünki Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə, inkişafa mane olan ən ciddi ünsürdür", - deyə Sahibə Qafarova bildirib.
Millət vəkili S.Qafarova deyib ki, Ermənistan Avropanın ən qeyri-demokratik, insan hüquq və azadlıqlarının ən çox pozulduğu ölkədir. Ölkədə demokratik institutların ağır vəziyyəti, mətbuat orqanlarının fəaliyyətinin məhdudlaşdırılması, yüzlərlə ölkə vətəndaşının müxtəlif siyasi əsaslarla həbs olunması, repressiyaya məruz qalması bunu sübuta yetirir. "Belə olduğu halda, beynəxlaq təşkilatların Ermənistanda gedən bu cür təhlükəli proseslərə reaksiya verməməsi, loyal yanaşması onların ikili standartlarla hərəkət etdiyini göstərir. Azərbaycana qarşı uydurma, saxta ittihamlar irəli sürən, ləkə yaxmağa çalışan beynəlxalq təşkilatlar nədənsə Ermənistanda mövcud olan özbaşınalığa, işğalçı ölkə hakimiyyətinin qanunsuz davranışlarına göz yummaqla öz nüfuzlarına ciddi zərbə vururlar", - deyə Sahibə Qafarova qeyd edib.

yap.org.az