Millət vəkili: "Zatulinin fikirlərini qətiyyətlə pisləyirik"

Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi növbəti aqressiv açıqlamasına münasibət bildirib. SİA-nın xəbərinə görə, deputat MDB ilə iş komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqe nümayiş etdirməsinin qəbul edilməz olduğunu dilə gətirib: “Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdə əks olunduğu kimi deyil. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Təbii ki, biz bunu qətiyyətlə pisləyirik!”Ç Qənizadə Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib: “Zatulin qondarma Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib. Biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq".

sia.az