Qriqori Karasin: Rusiya Qarabağ münaqişəsinə dair sülh sazişləri hazırlanmasında münaqişə tərəflərinə kömək etmək üçün əlindən gələni etməyə çalışır

“Yalnız bir realist perspektiv var – Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, danışıqlar yolu ilə nizamlanması. Azərbaycan və erməni xalqlarının təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa həyati maraq danışıqlar prosesinin əsasını və siyasi hərəkətverici qüvvəsini təşkil edir. Rusiya bunu hər vasitə ilə dəstəkləyir”.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində söyləyib.
Nazir müavinin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu “üçlüyün” digər üzvləri – Fransa və ABŞ ilə sıx əlaqəli şəkildə işləyir. Q.Karasin deyib: “Biz həmsədrlərin ümumi fəaliyyət xətti məcrasında, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş qərarlar çərçivəsində sülh sazişləri hazırlanmasında münaqişə tərəflərinə kömək etmək üçün öz tərəfimizdən əlimizdən gələni etməyə çalışırıq”.
O vurğulayıb ki, Rusiyanın bu mövqeyi Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında təsbit edilib. Bu mövqe dəyişməz qalır və bu yaxınlarda Vladimir Putinin hər iki ölkənin liderləri ilə görüşlərində bir daha təsdiq edilib.

yap.org.az